Paşinyan-Putin GÖRÜŞÜ: “Yarımfabrikat “müstəqilliyə” sahib olan ölkənin…” – ŞƏRH

“Putin-Paşinyan görüşündə Ermənistanın xeyrinə hansısa qərarın qəbul ediləcəyi gözlənilmir”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Moskvada baş tutacaq görüşünü dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın anti-rus siyasətini davam etdirməsi fonunda sözügedən görüşün Ermənistan üçün uğurlu olacağı reallıqdan uzaqdır:

“Məlumdur ki, Ermənistan müstəqil dövlət deyil. Ona görə də qeyd olunan görüşdə siyasi hakimiyyətlər öz legitimliyini təsdiq etdirmək üçün xalqın səsinə deyil, regional güclərin diqtə və iradəsinə ehtiyac duyurlar. Xüsusən də Ermənistan Rusiyanın forpostu olduğuna görə, növbədənkənar parlament seçkilərindən sonra Paşinyan dəfələrlə Moskvaya səfər edib. Səfərin əsas səbəblərindən biri odur ki, Paşinyan iqtidarı hələ də Rusiya tərəfindən tam dəstək ala bilmir. Bu, Paşinyan və çevrəsini ciddi narahat edir. Eyni zamanda Ermənistan hazırda təklənmiş vəziyyətdədir. Ölkədə iqtisadi defolt və miqrasiya problemi yaşanır. Ermənistanın bu problemlərin qarşısını alması üçün Zəngəzur dəhlizinə və regionda formalaşacaq nəqliyyat tranzit layihələrinə böyük ehtiyacı var.

Paşinyanın ikiüzlü siyasət yürütməsinin Qərbin imperialist dairələri tərəfindən hazırlanması və onun hakimiyyəti dövrünün Rusiya əleyhinə dövlət siyasəti halına gətirilməsi heç bir halda Moskvanı qane etmir. Bununla yanaşı, növbədənkənar parlament seçkilərindən sonra Paşinyan anti-rus əhvalını hələ də aradan qaldırmayıb. Ermənistanda rus dili və Rusiya siyasi sisteminə qarşı güvənsizlik mühiti hələ də davam etdirilir. Həmçinin erməni mətbuatında Rusiyaya nifrət geniş şəkildə təbliğ olunur. Fikrimcə, Rusiyanın Ermənistandakı səfirliyi bu hadisələri izləyərək rus rəhbərliyinə məruzələr edir. Bu baxımdan, Paşinyanın Putinlə növbəti görüşü Ermənistanın bundan sonra atacağı addımlarla bağlı məsləhətləşmə xarakteri daşıyır. Yarımfabrikat “müstəqilliyə” sahib olan ölkənin Rusiyanın diqtəsindən kənar hansısa addım atması mümkün deyil”.

Gülşən Şərif