“Angela Merkeldən hansısa dönüş yaradacaq addımların atılmasını gözləməyə dəyməz”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Cənubi Qafqazda yaranmış vəziyyəti və Almaniya kansleri Angela Merkelin regiona səfərini şərh edən “Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlara Dəstək Fondu Ekspert Şurasının sədri Sergey Trofimçuk deyib.
Trofimçukun sözlərinə görə, Merkelin Cənubi Qafqaza səfərinin əsas səbəblərindən biri də ABŞ prezidenti Donald Trampın təzyiq siyasətinə qarşı “sığortalayıcı” variantlar tapmaqdır:
“Qərb liderlərində belə bir ənənə formalaşıb ki, onlar Cənubi Qafqaza səfər edərkən hər üç ölkəyə – Gürcüstan, Azərbaycan və Ermənistana gedirlər. Bununla da həmin ölkələrdən hansısa birini incitməməyi düşünürlər. Konkret deyə bilərik ki, Merkelin Cənubi Qafqaza bu səfərindən hansısa dönüş yaradacaq addımların atılmasını gözləməyə dəyməz. Çünki Merkel vəziyyəti kökündən dəyişəcək addımlar atmağa meylli siyasətçi deyil. Onun sonuncu iqtidar dönəmində olduğunu nəzərə alsaq, bu gözləntilər avtomatik aradan qalxır.
Bununla belə, Merkel hər kəsə, o cümlədən ABŞ prezidenti Donald Trampa göstərmək istəyir ki, onun öz xətti və xüsusi siyasəti var. Merkelin regiona səfəri həm də İrana qarşı sanksiyaların sərtləşəcəyi təqdirdə, regionda baş verə biləcək hadisələri müəyyənləşdirməkdir.
Almaniya bu regiondakı proseslərə müdaxilə etməsə də, orada baş verənləri diqqətdə saxlayır. Merkel başa düşür ki, Tramp antiRusiya xəttini gücləndirə bilər və bu da Almaniya-Rusiya boru infrastrukturuna ciddi təsir göstərəcək. Ona görə də Cənubi Qafqazın tranzit imkanları ilə “sığortalanmağa” çalışır. Eyni zamanda, Berlin özünü Avropa İttifaqının əsas paytaxtı hesab edir və heç bir prosesə seyrçi qalmağı düşünmür”.
Trofimçukun fikrincə, Merkel Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın daha çox müstəqil siyasət yeritməsini qiymətləndirir:
“Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı əməkdaşlıq niyyətlərinə daha çox uyğun gəlir. Hər halda, Merkel Bakının əsas məsələlərdə müstəqil siyasət yeritməsini görür və qiymətləndirir. Başqa sözlə desək, razılığın əldə olunması hər hansı konyuktura ilə bağlı deyil. Eyni zamanda, Azərbaycanın qonşu Gürcüstan və Ermənistandan fərqli olaraq, böyük xammal ehtiyatlarına malik olduğunu hamı bilir. Yəni Merkeli regionun təbii gözəllikləri və turizm potensialı az maraqlandırır.
Almaniya-Türkiyə ziddiyyətləri də uzun müddət davam etməyəcək – bu, strateji yox, taktiki fikir ayrılıqlarıdır. İrana gəldikdə isə, Merkel burada ABŞ-ı müəyyən həddə qədər qıcıqlandıran addımlar ata bilər”.
Rusiyalı ekspert Merkelin İrəvanda Ermənistan rəhbərliyi ilə “mehriban görüntüləri”ni Qərbin Nikol Paşinyana dəstəyinin ifadəsi kimi qiymətləndirmir:
“Qərb, əsasən də Avropa hələ ki Paşinyana pul verməyə hazırlaşmır – çünki onların başqaları üçün əlavə pulları yoxdur. Ermənistan isə heç vaxt Almaniyanın və Avropanın olmayacaq. Paşinyanın idarəçiliyində olan Ermənistan Almaniyaya sadəcə, Rusiyaya müəyyən təsir göstərmək üçün bir vasitə kimi lazımdır. Eyni zamanda, Merkel Almaniyanın yeni hökumətinin nə dərəcədə dayanıqlı olduğunu müəyyənləşdirməyə çalışır – çünki Paşinyanın uzun müddət hakimiyyətdə qalacağına təminat yoxdur. Onlar isə boş yerə bir avro da xərcləmək istəmirlər”.
Söhbətləşdi Qafqaz Ömərov