“Qarabağda müharibə başlasa, onun dalğası Rusiyanın Şimali Qafqaz regionunu da tutacaq”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Ermənistanda cərəyan edən prosesləri dəyərləndirən Rusiyalı ekspert Dmitri Fetisov deyib.
Fetisovun fikrincə, Ermənistandakı etiraz hərəkatının önündə gələn Nikol Paşinyanın canfəşanlığı erməni elitası daxilində kəskinləşən savaşın təzahürüdür:
“Paşinyan özlüyündə Qaqik Tsarukyanın “peşka”sıdır – onun da biznesi Rusiyadadır. Onun fəaliyyəti Sərkisyan rejimindən narazı olan cəmiyyətin etirazından yararlanmağa çalışan,elita daxilində alovlanan savaşın göstəricisidir. Başqa cür desək, Tsarukyan bu etiraz hərəkatı ilə öz şəxsi maraqlarını təmin etməyə çalışır”.
Fetisov qeyd edib ki, erməni elitası hazırda ciddi siyasi ideyalar böhranı yaşayır:
“Paşinyanın Qarabağ münaqişəsinin qəhrəmanı obrazının yaradılması onu göstərir ki, erməni elitası ciddi siyasi ideyalar böhranı içinərisindədir. Yəni erməni elitası Qarabağ mövzusunu və “erməni soyqırımı” məsələsini istismar etməkdən başqa xalqa yeni ideyalar verə bilmir.
O baxımdan, Gürcüstan və Azərbaycan cəmiyyətini birləşdirən milli ideyalar axtarışında daha məhsuldardırlar”.
Ekspert hesab edir ki, Ermənistandakı mövcud böhran təsəvvür edildiyindən daha dərindir:
“İndiki vəziyyət tək Sərkisyan rejiminin deyil, həm də parlamentin legitimliyini şübhə altına alır. Bu, Paşinyanın hərəkətlərindən də aydın görünür.
Rusiya üçün Ermənistanda kimin hakimiyyətdə olmasının xüsusi əhəmiyyəti yoxdur. Azərbaycanın mövcud vəziyyətdə Ermənistan hakimiyyətinin qeyri-legitimliyini əsas götürərək, savaşa başlaması inandırıcı görünməsə də, bu variant istisna edilmir”.