“Paşinyanın siyasəti bir sıra böyük güclərin maraqlarına ziddir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın təzyiqlərə nə qədər dözəcəyi ilə bağlı vəziyyəti şərh edən politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Paşinyan Azərbaycanın yaratdığı reallıqları görür və aydın şəkildə hər şeyi dərk edir.
“Hazırda ona qarşı süni aksiyalar yaradılaraq təzyiq edilsə də, anlayır ki, Azərbaycanla razılığa gəlməzsə, daha böyük fəlakətlər baş verə bilər. Bu səbəbdən bütün vasitələrdən istifadə edərək, qısa zaman kəsiyində məsələləri həll etməyə çalışır. Sərhəd kəndlərdə yaşayanlarla görüşü, vəziyyəti onlara başa salmağa çalışması bunu deməyə əsas verir. Çünki sabah başqa güclərin həmin insanlardan ona qarşı istifadə edə biləcəyini yaxşı anlayır”, – deyə politoloq bildirib.
O qeyd edib ki, bu gün Paşinyanın siyasəti bir sıra böyük güclərin maraqlarına ziddir:
“İndi təzyiqlər olsa da, baş nazir bunların öhdəsindən gələ biləcək. Düzdür, təzyiqlər daha da artacaq. Ancaq Paşinyan bu mövqeyindən geri dönməzsə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gerçəkləşə bilər”.
Nəsimi Ələsgərli