“Azərbaycanla Türkiyə bütün məsələlərdə mövqelərini uzlaşdırır”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rafail Becanov deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın türk jurnalistlərlə müsahibədə Türkiyə ilə sərhədlərin açılması məsələsi barəsində mesajlarını şərh edən analitik əlavə edib ki, Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının bir çox səbəbləri var:
“Sərhədlərin bir müsahibə, yaxud hər hansı arzu ilə açılması mümkün deyil. Bu sərhədlərin bağlı qalmasının səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarını işğal etməsi ilə bağlıdır. Eyni zamanda, Türkiyənin özünə də həm ərazi iddiası, həm də saxta “erməni soyqırımı” iddiası var. Dəfələrlə bununla bağlı Türkiyəyə təzyiqlər edilib. Bəzi beynəlxalq təşkilatlar, Ermənistanı müdafiə edən dövlətlər müxtəlif formalarda Türkiyəyə təzyiq ediblər ki, sərhədlər açılsın, amma müvəffəq ola bilməyiblər”.
R. Becanov hesab edir ki, indi yeni situasiya yaranıb:
“Azərbaycan müharibə yolu ilə öz torpaqlarını azad edib. De-yure bizim olan torpaqlar de-fakto da özümüzdədir. İşğaldan azad edilmiş ərazilərə insanlarımız qayıdır, həyat əvvəlki axarına düşür, quruculuq-abadlıq işləri, böyük layihələr həyata keçirilir. Lakin məğlub olmasına baxmayaraq, biz Ermənistanın öz siyasi xəyallarından, Türkiyəyə və Azərbaycana qarşı iddialarından geri çəkildiyini görmürük. Paşinyan sözdə bütün iddialardan imtina etdiyini, real Ermənistandan danışsa da, hüquqi sənədlərdə bundan imtina edilməyib. Eyni zamanda, Azərbaycanla sülh müqaviləsi illərdir uzanır. Müharibə artıq 5-ci ildir ki, bitib və Ermənistan məğlub olub. Lakin Ermənistan rəhbərliyi mütəmadi mövsümi açıqlamalarla çıxış edir, müxtəlif şərtlər irəli sürür. Paşinyanın məsuliyyətsiz və stabil olmayan siyasəti sülh prosesinə mane olur. Digər tərəfdən. Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası da müzakirə predmeti olaraq qalır və hər il olduğu kimi, bu il də 24 aprel yaxınlaşdıqca, yenə gündəmi zəbt edəcək.”.
Siyasi təhlilçi əmindir ki, belə bir durumda Türkiyənin sərhədlərin açılmasına razılıq verməsi mümkün deyil:
“Digər tərəfdən, Ankara Bakı ilə razılaşmadan sərhədlərin açılmasına razılıq verməyəcəyi də məlumdur. Bu iki dövlətin birgə maraqları və birgə fəaliyyətləri var. Bu, təkcə Ermənistana qarşı münasibətdə deyil. Azərbaycanla Türkiyə bütün məsələlərdə mövqelərini uzlaşdırır. Bu, o deməkdir ki, Paşinyanın, yaxud bir başqasının nə deməsindən asılı olmayaraq, bu qədər ciddi məsələlər razılaşdırılmadan baş tutmayacaq”.
“Paşinyan bu açıqlaması ilə bir tərəfdən öz arzusunu bildirir, digər tərəfdən isə Türkiyəyə qarşı təzyiqlər üçün lobbilərinə və müdafiəçilərinə kart-blanş verir. Yəni demək istəyir ki, “biz sərhədlərin açılmasını istəyirik, amma Türkiyə istəmir və bu da bizim blokadada qalmağımıza səbəb olur”. Əgər Paşinyan bu sərhədlərin açılmasını səmimi şəkildə istəyirsə, Zəngəzur dəhlizin açılmasına razılıq versin. Bu həm də Ermənistanı blokadadan çıxaracaq bir dəhlizdir. Ona görə də Paşinyanın Türkiyə-Ermənistan sərhədi ilə bağlı dedikləri səmimiyyətdən uzaqdır və öz siyasi məqsədlərinə xidmət edir.
Təbii ki, hamı başa düşür, Türkiyə-Ermənistan sərhədləri yüzillərlə bağlı qala bilməz. Amma Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikcə, Azərbaycanla real şərtlərə uyğun sülh müqaviləsi imzalamadıqca, Türkiyəyə qarşı qondarma iddialardan geri durmadıqca, bu sərhədlərin bağlı qalacağına şübhə yoxdur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli