“Müsbət mesajlara Ermənistan daxilindəki müxalifət partiyası nümayəndələrinin, ordudan uzaqlaşdırılan rütbəlilərin reaksiyası Paşinyan üçün təhlükə mənbəyinə çevrilir”.
Bunu son zamanlar Ermənistan Baş naziri Paşinyanın öz təhlükəsizliyi ilə bağlı mühafizəni gücləndirməsi haqda danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Paşinyan hazırda hərbi sahədə təmizləmə işləri aparır, çünki ordunun əsas şəxsləri Sarkisyan və Köçəryan yetişdirmələri olan generallardır:
“Ermənistan ordusunda Paşinyanın təmizləmə işləri zamanı istefaya göndərilən, cinayət işinə cəlb olunan, daha aşağı vəzifəyə təyin edilən, rütbəsi əlindən alınan generallar və zabitlər var. Bunlar hamısı post-müharibə dövründə Ermənistan üçün təhlükə yarada bilər. Paşinyan bundan məlumatlıdır və orduda təmizləmə işlərindən narahat qüvvələrin var olduğunu bilir. Hazırda ordusu Ermənistan üçün çox da ürəkaçan vəziyyətdə deyil.
Paşinyan son zamanlar Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı müsbət mesajlar verir. Belə müsbət mesajlara Ermənistan daxilindəki müxalifət partiyaları nümayəndələrinin, ordudan uzaqlaşdırılan rütbəlilərin reaksiyası Paşinyan üçün təhlükə mənbəyinə çevrilir. O, bunun fərqindədir. Ona görə də sərbəst addım ata bilməsi üçün ilk öncə narazı kütləni neytrallaşdırmalıdır”.
Nəsimi Ələsgərli