“Hər üç keçmiş prezidentin aşağı səviyyəli profili fonunda Paşinyanın şansı çox yüksəkdir”.
Bu fikirləri Ermənistan hakimiyyətinin ciddi qərarların qəbulu ərəfəsində ölkə müxalifətinin müqavimətini tam qırmaq imkanından danışan politoloq Aqşin Kərimov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana qarşı mübarizədə qələbə şansı çox aşağıdır:
“Çünki Ermənistan müxalifətinin başında erməni cəmiyyətinin nifrətlə yanaşdığı Robert Koçaryan və Serj Sarqsyan kimi fiqurlar dayanır. Levon Ter-Petrosyanın elektoratı və onun proseslərə təsir imkanı zəifdir.
Hər üç keçmiş prezidentin aşağı səviyyəli profili fonunda Paşinyanın şansı çox yüksəkdir. Bununla belə, cəmiyyətin baş nazirə olan etimadının sarsıdılması üçün Ermənistan müxalifət xarici dəstək sayəsində təşkilatlandırılır.
Digər tərəfdən, Paşinyanın Rusiya üçün başağrısı olması ilə bağlı səsləndirilən fikirlər də doğru deyil. Əksinə, müəyyən mənalarda Paşinyanın bilərəkdən, yaxud bilməyərəkdən atdığı bəzi addımlar Rusiyanın regional ambisiyalarını eşitdirmək üçün xüsusi rola malikdir.
Ancaq Paşinyan Rusiyanın maraqlarına zidd siyasətini indi daha açıq formada davam etdirir. Bu da Moskvaya qarşı təhlükəli hədlərin formalaşdırılması deməkdir – Kreml bu qənaətdədir. Lakin Rusiyanın indiki məqamda Ermənistanda dövlət çevrilişini məqbul sayması inandırıcı deyil.
Çünki bu çevrilişi edə biləcək sosial-siyasi baza və bu bazanı hərəkata çevirə biləcək lider yoxdur. Bu mənada Paşinyanın müxalifət qarşısında şansları daha böyükdür. Amma “kart”ların necə dəyişəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Rusiya ən son məqamda, ən təhlükəli həddin yetişdiyini görəndə, 102-ci hərbi bazasını hərəkətə keçirə bilər”.
Nəsimi Ələsgərli