“Ermənistan bununla Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini növbəti dəfə baş nazir səviyyəsində ortaya qoyur”.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin məzmununa yönəlik tənqidi yanaşmasına münasibət bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin fikrincə, Paşinyanın qeyd olunan bəyanatı Cənubi Qafqazda yeni münasibətlər sisteminin yaradılmasına çağırış kimi qəbul edilə bilər:
“Əslində, Paşinyanın bu fikirləri müəyyən mənada həqiqəti ifadə edir. Görünən budur ki, o, doğrudan da Ermənistanın indiki fəlakətli və faciəli durumdan xilas etməyə çalışır. Onu da başa düşür ki, ermənilərə xas ənənəvi düşüncə, üsul və avantüra, həmçinin “Böyük Ermənistan” xülyası ilə yola davam etmək bu ölkənin tamamilə çökməsi deməkdir. Paşinyan bütün bunları anladığı və Ermənistanı xilas etmək üçün reallığı ifadə edir.
SSRİ-nin süqutu ərəfəsində həm Ermənistandakı ermənilər, həm də xaricdəki erməni diasporu, eləcə də onların mayalandırdığı erməni lobbisi məlum xülyanın gerçəkləşdirilməsi üçün o vaxt yaranmış situasiyadan yararlanaraq məskunlaşdıqları əraziləri genişləndirməyə çalışdılar. Onlar bu məqsəd çərçivəsində əvvəl Sovetlərin, onun dağılmasından sonra isə Rusiyanın imkanlarından faydalanaraq Azərbaycan ərazilərini işğal etdilər.
Ermənistan o siyasətin ağır nəticələrini indi daha ağır şəkildə öz üzərində hiss etməkdə və yaşamaqdadır. Ona görə də Paşinyanın bu mövzuda verdiyi bəyanat, məncə, Cənubi Qafqazda yeni münasibətlər sisteminin yaradılmasına çağırış kimi də qəbul edilməlidir. Digər tərəfdən, Paşinyanın bu fikirlərinin Azərbaycanın strateji maraqlarına uyğun olduğu da qeyd edilməlidir. Çünki Ermənistan bununla Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini növbəti dəfə baş nazir səviyyəsində ortaya qoyur”.
A.Zeynalov