Paşinyandan riyakar MÖVQE: “İrəvan ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb”

“Ermənistan dövləti, xüsusilə də baş nazir Nikol Paşinyan daim qeyri-konstruktiv mövqeyi ilə seçilib. İlk növbədə, o, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində destruktiv mövqe də nümayiş etdirib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın COP29-da iştirakı ehtimalından, eləcə də rəsmi İrəvanın bununla bağlı səssizliyini qoruması məsələsindən söz açıb.

Onu fikrincə, hər nə qədər də Nikol Paşinyan tez-tez sülh bəyanatları versə, sülhə hazır olduğunu bildirsə də, son günlər konkret olaraq bunun əksi görünür.

“Yəni Nikol Paşinyan izah olunması mümkün olmayan qeyri-adi hərəkətləri ilə sülhdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirir. Məsələn, bir neçə gün bundan əvvəl Londonda keçirilən beynəlxalq görüşlər çərçivəsində Nikol Paşinyanın Prezident İlham Əliyevlə görüşdən imtina etməsi konkret olaraq sülh və təhlükəsizlik yolunda çox ciddi maneə kimi qiymətləndirilməlidir. Belə bir riyakar mövqe nümayiş etdirən ölkənin liderinin COP29-la bağlı Azərbaycanın xoşməramlı dəvətinə məhəl qoymaması, bu məsələnin hələ də uzadılması və buna cavab verilməməsi onu göstərir ki, İrəvan COP29 çərçivəsindəki tədbirlərə qeyri-ciddi yanaşır”, – deyə o bildirib.

“Maraqlıdır, COP29-un Azərbaycan, yaxud digər ölkədə keçirilməsinin Ermənistan üçün nə əhəmiyyəti ola bilər?! Bu tədbir dünya miqyaslı, eləcə də dünyaya və bəşəriyyətə ekoloji baxımdan töhfə vermək istiqamətində baş tutacaq bir tədbirdir. Təbiidir ki, bu tədbirə də ev sahibliyini Azərbaycan edir. Azərbaycan da bu hüquqdan istifadə edərək Ermənistanı dəvət edir. Fikrimcə, Nikol Paşinyan bu məsələyə dərhal müsbət reaksiya verməli və Ermənistanın bu tədbirə qatılacağını bəyan etməliydi. Lakin bu məsələ uzanır, süni şəkildə ləngimələr həyata keçirilir”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, tədbirdə Ermənistanda kimin təmsil edəcəyi tamamilə başqa bir sualdır, hətta, ola bilsin ki, Nikol Paşinyan özü gəlməsin:

“Çünki Azərbaycanın uzun müddətdir uzatdığı sülh əlini geri çevirən bir dövlət rəsmisi, böyük ehtimalla, bu tədbirə xarici işlər naziri, yaxud parlamentin spikerini göndərə bilər. Amma ümumilikdə belə nəticə çıxara bilərək ki, Ermənistan həm siyasi, həm də ekoloji məsələlərdə müsbət addımlar atmayan bir ölkədir”.

Siyasi şərhçinin qənaətinə görə, Ermənistan bu məsələdə də digər məsələlərdə olduğu kimi müstəqil deyil:

“Ermənistanın Baş naziri hətta COP-29-da iştirak edib etməyəcəyi ilə bağlı da Avropa və Qərb dairələri ilə müəyyən məsləhətləşmələr aparacaq. Hətta son dövrlər müəyyən Qərb dairələri tərəfindən Azərbaycanın COP29 kimi xoşniyyətli fəaliyyətinə kölgə salmağa çalışılır, ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanılıb və gözdənsalma prosesi həyata keçirilir. Bütün bunlar da ölkəmizə qarşı düşmənçilik siyasətinin göstəricisidir. Nikol Paşinyan da öz siyasi kursunu bu istiqamətdə götürə və həmin dairələrin təsiri və təzyiqi ilə tədbirdə iştirak etməkdən boyun qaçıra bilər”.

Rafi Müslümov