“Zaman-zaman Ermənistanın baş naziri Nikol Paşinyan sülhyönümlü açıqlamaları ilə çıxış edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında yekun sülh müqaviləsinin imzalanması haqqında səsləndirdiyi fikirləri şərh edib.
Z.Əmrəliyevə görə, N. Paşinyanın sülh müqaviləsi barəsində söylədikləri bu formadakı ilk açıqlama deyil.
“Düşünmürəm ki, hazırda hansısa bir xüsusi və əlamətdar bir hadisəyə görə Paşinyan belə çıxış etsin. Çünki sülh müqaviləsinin mətni, onun da dediyi kimi, hələlik tam bəlli deyil və üstündə işləniləsi məqamlar var. Ancaq irəliləyən zamanlarda – ilin sonuna doğru Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Prezident İlham Əliyev də bildirmişdi ki, COP29-a qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını biz istəyirik. Dövlət başçısı əlavə etmişdi ki, əgər rəsmi İrəvan konstruktiv mövqe göstərərsə, ilin sonuna doğru bu istiqamətdə addımlar atıla bilər”, – deyə o bildirib.
Onun fikrincə, müqavilənin ümumi mətni ilə bağlı işlər, görünür, hələlik yekunlaşmayıb:
“Burada əsas məsələ sərhədlərin müəyyən edilməsi – delimitasiya prosesidir ki, sözügedən məsələ də artıq uğurlu şəkildə icra olunur. Əsas məsələ Qazaxın 4 kənd idi ki, bu məsələ artıq həll edildi. İndi isə anklav kəndlərin müzakirəsi gedəcək və sülh müqaviləsinin imzalanması üçün elə də ciddi problem ortada qalmayacaq. Sadəcə, bəzi məsələlər var ki, bunlar sülh müqaviləsi imzalandıqdan sonra da danışıqların predmeti ola bilər”.
Siyasi təhlilçi əmindir ki, ümumilikdə yekun sülh sazişinin imzalanması iki ölkə arasındakı münasibətlərin tam şəkildə normalaşdırılmasına xidmət etməyəcək:
“Düzdür, gələcəkdə diplomatik münasibətlər qurula, əlaqələr inkişaf etdirilə bilər. Ancaq Azərbaycanla Ermənistan arasında keşməkeşli bir dövr olub ki, bu zamanda kəsiyində baş verən xeyli problemlər də növbəti mərhələlərdə öz həllini tapmalıdır. Məsələn, Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması, Zəngəzur dəhlizi, Ermənistanın azərbaycanlıların başına gətirdiyi fəlakətlərlə bağlı məsələlər mövcuddur. Dövlət başçısı da Xocalıda yerli sakinlərlə görüşündə bildirdi ki, Ermənistan Xocalıda törətdiyi vəhşiliklərə görə üzr istəməlidir. Mən də bu fikirdəyəm ki, Ermənistan rəsmi dövlət səviyyəsində buna görə Azərbaycandan üzr istəməlidir”.
“Qısacası, bu tip məsələlər hələ də aktualdır və sülh müqaviləsi imzalanandan sonra da bununla bağlı müzakirələr gedəcək. Artıq tarix ötdükcə bu məsələlər öz həllini tapacaq. Mənə elə gəlir ki, yekun sülh müqaviləsi ilin sonuna doğru imzalana bilər, sadəcə olaraq, sənəddə, böyük ehtimalla, bəzi razılaşdırılmalı məsələlər var ki, bunları növbəti perspektivdə də həll etmək olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir. O, əlavə edib ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir.
Paşinyanın fikrincə, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, daha sonra isə Brüsseldə əldə olunub, o cümlədən, sazişin əsas prinsipləri razılaşdırılıb və bütün bunları sülh sazişinin mətninə köçürmək qalır.
Rafi Müslümov