Paşinyanın axtardığı general: “Qiyamçıların baş nazirin namizədinə tabe olacaqları real görünmür” – Ədalət Verdiyev
“Qasparyanın Baş Qərargahın rəisi vəzifəsindən azad edilməsi böhranın aradan qalxdığı anlamına gəlmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Baş Qərargahın rəisi postuna mümkün namizədi haqda danışan hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Ədalət Verdiyev bildirib ki, Paşinyanın həmin posta namizədi qiyamçı general Onik Qasparyanın çevrəsindəki biri ola bilər:
“Çünki kənardan başqa birini gətirib Baş Qərargahın rəisi təyin etsə, ordudakı generalitet bu qərarı etirazla qarşılayacaq. Digər tərəfdən, Onik Qasparyanın Baş Qərargahın rəisi vəzifəsindən azad edilməsi böhranın aradan qalxdığı anlamına gəlmir.
Dünya təcrübəsində digər güc strukturlarında işləyən fiqurların ordu rəhbərliyinə gətirilməsi praktikası mövcuddur. Düşünürəm ki, Paşinyan da özünə yaxın saydığı fərqli strukturdakı generallardan birini Baş Qərargah rəisi vəzifəsinə təqdim edəcək.
Bununla belə, o posta təyinat alan generalın Qasparyan və çevrəsi tərəfindən qəbul ediləcəyi, ona tabe olunacağı real deyil. Ona görə də, Ermənistanda yaşanan böhranın davam edəcəyi ehtimal olunur”.
Səxavət Məmməd