Paşinyanın Azərbaycana verdiyi “koordinatlar”… – Rusiyanın “İsgəndər” boşboğazlığı… – Səxavət Məmməd yazır

Şuşada “İsgəndər-M” raketinin qalıqları tapılandan bəri Rusiya rəsmiləri söhbətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir, Azərbaycanda olan bəzi ekspertlər isə bunun gerçək olmadığını “isbatlamaq” üçün əlindən gələni edir. “İsgəndər-M” raketinin atılması və onun ətrafında gedən söhbətlər mənə heç də təəccüblü gəlmir. Bütün dünya bilir, Qarabağ münaqişəsini yaradan və və qanlı müüharibəyə çevirən məhz Rusiyadır.

“O münaqişə 1988-ci ilin əvvəlindən alovlandı” deyənlərə qısa formada bildirmək istəyirəm ki, Rusiya rəsmən özünü SSRİ-nin varisi elan edib. Birinci Qarabağ müharibəsində Ermənistan məhz Rusiyanın hərbi dəstəyi və iştirakı ilə işğal faktını gerçəkləşdirmişdi. 366-cı motoatıcı alayın Xocalı Soyqırımının törədilməsində birbaşa əlinin olduğu da ehtimal yox, faktdır. Bundan əlavə, Rusiya hər zaman imitasiyadan başqa bir şey olmayan danışıqlar prosesində də Ermənistanı dəstəkləyib. Rusiya münaqişə tərəflərini daim təzyiq altında saxlayaraq, bölgədə istədiyi oyunu oynayıb.

2016-cı ilə aprel döyüşləri məhz Rusiyanın təzyiqi ilə dayandırılmışdı. Müdafiə naziri Zakir Həsənov (Şoyqunun telefon zəngi) bunu rəsmən açıqlamışdı. Rusiya silah satışında da, heç vaxt adil və tərəfsiz olmayıb. Belə ki, Ermənistana kreditlə və ya hədiyyə verdiyi silahları Azərbaycana ya iki qat qiymətə satıb, ya da satmaqdan imtina edib. Ermənistanın “İsgəndər-E” raketini əldə etməsindən sonra Azərbaycan da bu raketdən almaq istəmişdi. Ancaq Rusiya Ermənistana satdığı o raket komplekslərini Azərbaycana satmaqdan boyun qaçlırmışdı. Bunun əvəzində isə Azərbaycan Belarusdan “Polenez” raketləri almışdı. “İsgəndər- E” raketi ilə “Polenez” arasında fərq yalnız “İsgəndər”ın döyüş başlığı daşımasında idi.

Yeri gəlmişkən, Ermənistan həmin raketi hərbi paradda da nümayiş etdirmişdi. Məsələ ondadır ki, Rusiyanın Ermənistana “İsgəndər-M” raketini satması, hədiyyə etməsi və Gümrüdəki 102-ci bazasında yerləşdirməsi barədə heç bir informasiyaya rast gəlmirik. İkinci Qarabağ müharibəsində Rusiya son dərəcə təmkinli davranaraq, müharibəyə qarışmayağını rəsmən bəyan etdi. Hətta Azərbaycan cəmiyyətində də, insanlar arasında belə bir fikir formalaşmıdı ki, Rusiya “obyektiv neytrallıq” sərgiləyir.

Şuşada tapılan “İsgəndər-M” raketlərinin qalıqları onu deməyə əsas verir ki, əslində, rəsmi Moskva müharibənin gedişində əsla seyrçi mövqeyidə dayanmayıb. Məsələ tək bununla da yekunlaşmır. Müharibə dövründə “Vaqner” yaraqlılarının Qarabağa göndərilmələri və ermənilərin tərəfində döyüşmələri barədə də informasiyalar sızmışdı. Bunu sübut edəcək foto və videolar da təxminən bir ay əvvəl yayılmışdı. Bunlardan başqa, Rusiyanın əli və barmağı olan başqa məsələlər də ortaya çıxmışdı, lakin o detalları dövlətin açıqlaması daha məqsədə uyğundur.

Şuşada partlamış “İsgəndər” raketlərinin qalıqlarının tapılması, onların görüntrülərinin özəl və dövlət telekanallarında yayılması belə deməyə əsas verir ki, Azərbaycan Rusiyadan hesab sormaq niyyətindədir. Həmin qalıqlar “İsgəndər-E” raketlərinin olsa, bunu Ermənistanın atdığını demək olardı. Ancaq qalıqların “İsgəndər-M”-ə məxsus olması oxları birbaşa Rusiyaya tərəf yönəldir. Maraqlıdır ki, Azərbaycanda bəziləri dəvəquşu kimi başını quma soxaraq, bu barədə yayındırıcı suallar verir, fikirlər səsləndirirlər. İş o yerə çatıb ki, ruslar artıq o “İsgəndər”-in Suriyadan gətirilmə ehtimalını dövriyyəyə buraxıblar.

Bir şeyi anlamaq lazımdır, söhbət raketdən gedir, tapançadan yox. Ermənistan ordusunda o raketlərdən yoxdursa, deməli onun döyüş heyəti də yoxdur. Lap hesab edək ki, raket Suriyadan gətirilib, bəs raketi döyüşı hazırlayıb düyməsini basanlar kimlərdir? Azərbaycan da xaricdən silahlar alır. Bu zaman təlimatçılar gəlir və döyüş heyətinə müvafiq təlimlər keçirilir. Qısacası, bir döyüş heyətinin hazırlanması xeyli vaxt tələb edir. Dünyanın heç bir ölkəsi almadığı, ya da ala bilməyəcəyi silah üçün heyət hazırlatmaz. Adi hərbi xidmətə gedən əsgərin avtomatdan istifadə etməyi öyrənməsi belə xeyli vaxt aparır, gəl Rusiyanın arsenalında olan, döyüş başlığı daşıyan raketin heyətinin hazırlanması olsun. Ona görə də, bütün oxlar Rusiyanı göstərir.

Ancaq bu fakt Azərbaycanın əlinə oynayır. Rəsmi bakı bundan istifadə edərək, Rusiya sülhməramlılarının fəaliyyətini öz istəyinə uyğun qaydada nizamlaya, bəyanatdakı digər bəndlərin istisnasız yerinə yetirilməsini tələb edə bilər. Müharibədə Rusiya faktoru ortaya çıxdığını əsas götürərək kimlərsə deyə bilər ki, Azərbaycanda da Türkiyənin F-16-ları var idi. Bəli, Azərbaycan açıq oynayırdı və istifadə etməsə də, F-16-ların olduğunu gizlətmirdi. Prezident İlham Əliyev müharibənin gedişində xalqa etdiyi müraciətlərin birində bu haqda danışaraq, Azərbaycana kənar müdaxilələr olacağı halda, onlardan istifadə ediləcəyini də açıq mətnlə demişdi.

“İsgəndər” raketi ilə bağlı qalmaqalın əsasını Ermənistanın baş naziri Nikol Paşinyan qoyaraq, raketin keyfiyyətsiz olduğnu bildirmişdi. Daha sonra isə Paşinyan Şuşaya “İsgəndər” raketinin atılması təklifini aldığını demişdi. Paşinyan buna etiraz etdiyini, səbəb kimi də çox sayda əsgərin məhv edilməsinin cinayət olduğunu vurğulamışdı. Onun “İsgəndər”lə bağlı açıqlamalarından və Şuşada “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasından sonra adama elə gəlir ki, o, raketin atıldığı yerin koordinatını verirmiş. Bu, hətta Azərbaycan tərəfinə mesaj imiş. Burada Rusiyanın qisasçılığı və təxribatlara əl atması da istisna olunmur. Rusiya müxtəlif bəhanələrlə “İsgəndər” qalmaqalından yayınmağa çalışacaq.

Lakin bir məsələ dəqiqdir ki, bizim “rusbaşlar”ın “malalama” işləri çoxalıb…

COP29