Paşinyanın cürətinin SƏBƏBİ: “Azərbaycan Ermənistanla yox, Rusiya ilə danışmalıdır” – ŞƏRH

“Azərbaycan Ermənistanla yox, Rusiya ilə danışmalıdır, məsələni rəsmi Moskva qarşısında qaldırmalıdır. Rusiya ilə danışandan sonra Ermənistanın qışqırmağının bir mənası olmayacaq”.

Bu fikri Qarabağ ətrafında gedən proseslər və Paşinyanın son açıqlamalarından sonra Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Azərbaycan Paşinyana sözdə yox, əməldə cavab verməlidir:

“Paşinyanın o fikirləri həm daxili auditoriyaya, həm də Azərbaycana hesablanmışdı. Paşinyan heç vaxt kəskin ifadələr işlətmirdi. Son çıxışında “Azərbaycan bölgəni cəngəlliyə çevirmək istəyir” kimi sözlər istifadə etdi. Bu birbaşa ittihamdır. Paşinyanın belə cürətlənməsinin əslində səbəbkarlarından biri də bizik.

Azərbaycan Qarabağla, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı kəskin mövqe ortaya qoymayıb. Konkret mövqemiz yoxdur. Biz qələbənin dadını çıxarırıq. Açığı qələbə də tam deyil. Onlar da bizdə kəskinlik, sərtlik görmədiyi üçün və Rusiya tərəfdən də Xocalıda abidə və kilsə tikintisini gördükdən sonra Azərbaycana qarşı sərt mövqe sərgiləyirlər. Paşinyanın sözlərindən sonra ona sözlə cavab verməli deyilik. Sözlə cavab versək, deyəcəklər söz oyunudur. Biz əmələ keçməliyik. Sərhədlərin delimitasiyası və demarkasiyası illərlə uzanan haldır. Bizim işimiz Qarabağa, daha dəqiq Qarabağın nəzarət etmədiyimiz hissəsinə yönəlməlidir. Əlimizdə 10 noyabr bəyanatı var. Azərbaycan Rusiya qarşısında məsələ qaldırmalıdır ki, Qarabağın dağlıq hissəsinə köçkünləri geri qaytarırıq. Bu ən vacib məsələdir. Ermənistanın keçmiş müdafiə naziri Qarabağa gəlib, görüşlər keçirirdi. Bu o deməkdir ki, erməni silahlıları da ərazidən çıxarılmalıdır. Bütün erməni mediası yazır ki, Azərbaycan Ermənistanın suveren torpaqlarından çıxmalıdır. Azərbaycan niyə cavab vermir ki, ermənilər də Azərbaycanın suveren ərazisindən çıxmalıdır. Ermənilər Azərbaycanın suveren ərazisindən çıxandan sonra baxıb görərik ki, tutduğumuz mövqelər Azərbaycan ərazisidir, yoxsa Ermənistan. Zaman baxımından gecikirik”.

Səxavət Məmməd