Paşinyanın dörd kəndi azad etmək “İSRARI”: “O, müharibə riskindən yayınmağa çalışır və…”

 

“Çünki nə Avropanın, nə də ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat vermədiyini yaxşı bilirlər”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılması ilə bağlı çıxışlarını dəyərləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalı altında olan kəndlər mümkün qədər tez geri qaytarılmalıdır:

“Lakin 8 kəndin hər birini eyni anda geri vermək Ermənistandakı mövcud hakimiyyətə müəyyən problemlər yarada bilər. Əlavə olaraq, Rusiya Paşinyanı devirmək planını işə salıb. Hələ ki yalnız dörd kənddən danışmasının səbəbi də məhz budur. Əks təqdirdə, vəziyyətin özlərinin əleyhinə çevriləcəyini yaxşı anlayır.

Həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatlarında gördükləri nəticələrə görə Paşinyan müharibə riskindən maksimum dərəcədə yayınmağa çalışır. Bunu erməni əhaliyə də başa salmaqda israrlıdır. Çox güclü olmasa da, hələlik ayrı-ayrı müxalifətçilər Paşinyanın bu çıxışına etiraz edirlər.

Ancaq baş nazir qəti mövqe sərgiləyir və kəndlərin qaytarılmasının vacibliyini vurğulayır. Təbii olaraq, bu kəndləri qaytarmaq istəməzdilər. Lakin başqa çarələri də yoxdur. Çünki nə Avropanın, nə də ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat vermədiyini yaxşı bilirlər. Hazırda Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yol yoxdur”.

Nəsimi Ələsgərli

COP29