Paşinyanın əleyhinə işləyən vaxt və pandemiya: “Ona cəmi iki il vaxt bəs elədi” – Partiya sədri

“Ermənistan əvvəlki dövlət başçılarının dövründə heç vaxt indiki qədər çıxılmaz vəziyyətə düşməmişdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının Ermənistandakı vəziyyətə və işğalçı ölkənin baş naziri Nikol Paşinyanın fəaliyyətinə təsirlərini şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Əlisahib Hüseynova görə, Ermənistan ictimaiyyəti koronavirus pandemiyasının ağır nəticələrə səbəb olmasını Paşinyanın bu təhlükəyə qeyri-ciddi yanaşması və hökumətin lazımi önləyici tədbirlərə vaxtında start verməməsi ilə əlaqələndirir:

“Ermənistanda pandemiyanın ağır fəsadlara səbəb olması, virusa qarşı mübarizənin düzgün aparılmaması birbaşa Paşinyan hökumətinin uğursuzluğu kimi təqdim edilir. Baş nazirin opponentləri mediaya verdikləri açıqlamalarda və siyasi debatlarda hazırda Ermənistanda COVID-19-un bu dərəcədə kritik nəticələrə gətirib çıxarmasını ilk növbədə, Paşinyanın bu təhlükəyə qeyri-ciddi yanaşması və hökumətin lazımi önləyici tədbirlərə vaxtında start verməməsi ilə əlaqələndirirlər.

Sabiq Baş nazir Hrant Baqratyanın bu yaxınlarda koronavirus pandemiyasının Ermənistanı çox zəiflətdiyini açıq şəkildə etiraf etməsi və “Mən Əliyevin yerində olsam, 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm!” tipli qalmaqallı açıqlama verməsini bu gün nə erməni ictimaiyyəti, nə də ki Paşinyan unutmayıb.

Eləcə də Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryanın etirafları da düşmən ölkənin hansı durumda olduğunu açıb göstərir. Sabiq nazir bildirib ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, görülən karantin tədbirləri artıq arzuedilən nəticəni verməyəcək.

Yeqizaryanın sözlərinə görə, “son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir”.

DADP sədri hesab edir ki, mövcud vəziyyətdə Paşinyan çıxılmaz durumda qalıb və bu, onun bir siyasətçi kimi nə dərəcədə zəif olduğunu göstərir:

“Ermənistanı ağır duruma saldığına görə Paşinyanı əminliklə təbrik etmək olar. Pandemiya da heç şübhəsiz ki, bu işdə ona yardımçı oldu. Ermənistan əvvəlki dövlət başçılarının dövründə heç vaxt indiki qədər çıxılmaz vəziyyətə düşməmişdi. Paşinyana Ermənistanı indiki acınacaqlı duruma salması üçün iki il bəs etdi. İndi pandemiya və zaman Paşinyanın əleyhinə işləyir”.

Gülşən Şərif