Paşinyanın erməniləri qəzəbləndirən ETİRAFI: “Revanşistlər nə qədər səs-küy salsalar da…” – ŞƏRH

“Laçında qanunsuz məskunlaşan ermənilər oradan çıxmayacaqlarını bildirsələr də, bu etirazların faydası olmayacaq”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın alternativ yolun inşası yekunlaşdıqdan sonra Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycana təhvil veriləcəyinə dair açıqlamasına erməni cəmiyyətinin reaksiyasını dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, erməni cəmiyyətinin etirazlarına baxmayaraq, Laçın rayonunun nəzərdə tutulan bütün yaşayış məntəqələri Azərbaycana təhvil veriləcək:

“Əslində, Paşinyanın bu açıqlamaları Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış 10 noyabr üçtərəfli bəyanatının tələblərindən irəli gəlir. Həmin sənədə əsasən, Ermənistandan Azərbaycanın Qarabağ regionuna alternativ yolun inşasından sonra o ərazidəki məntəqələr boşaldılmalıdır.

Təbii ki, Ermənistan müxalifəti, ilk növbədə də, revanşist qüvvələr Paşinyanın bununla bağlı açıqlamalarını ölkənin növbəti məğlubiyyəti kimi dəyərləndirərək baş naziri yenə hədəfə götürüblər.

Amma hesab etmirəm ki, onlar bununla nəyəsə nail ola bilsinlər. Hətta Laçında qanunsuz məskunlaşan ermənilər oradan çıxmayacaqlarını bildirsələr də, bu etirazların faydası olmayacaq. Eyni zamanda, Ermənistan müxalifətinin də bu açıqlamalarına görə Paşinyana qarşı hücumları da, daha əvvəl dediyim kimi, gözlədikləri nəticəni verməyəcək”.

A.Zeynalov