“Paşinyan bütün vasitələrdən istifadə etsə də, Amerika Birləşmiş Ştatlarına (ABŞ) beynəlxalq tədbirdə iştirak etmək üçün getdiyi səfərdə Trampla görüşə nail ola bilmədi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfəri çərçivəsində Donald Trampla baş tutmayan görüşünün pərdəarxası məqamlarına münasibət bildirib.
Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, bu gündən fevralın 7-nə qədər Birləşmiş Ştatlarda olacaq Nikol Paşinyan Trampla görüşmək üçün bütün vasitələrindən istifadə etsə də, ABŞ tərəfi buna razılıq verməyib.
H. Babaoğlunun sözlərinə görə, şübhəsiz ki, bu, hər şeydən öncə təkcə Tramp administrasiyasının deyil, həm də Amerikada böyük imkanlara malik olan erməni lobbisinin Paşinyandan üz döndərməsi və yaxud artıq Tramp dövründə onların əlaqələrinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir:
“Bütün hallarda bu, bir uğursuzluqdur. Məsələ ondan ibarətdir ki, hazırda ABŞ-nin yeni Tramp administrasiyası Bayden dövrünün son bir ayında imzalanmış bütün sənədləri legitim hesab etməmək haqqında düşünür. Çünki biz bilirik ki, Bayden administrasiyası hakimiyyətin son günlərində tələm-tələsik çoxsaylı sərəncamlar imzaladı, qərarlar qəbul etdi və bunların heç də hamısı bu gün Tramp administrasiyası tərəfindən legitim və yaxud Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun anlaşmalar və sənədlər kimi qiymətləndirilmir”.
“Mənə elə gəlir ki, Paşinyanın ciddi cəhdlə Tramp administrasiyasında görüşə nail olmaq məqsədlərindən biri də Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyanın yeni administrasiya tərəfindən də qəbul etdirilməsinə hesablanmışdı. Amma gördük ki, bu, baş tutmadı. Ona görə də bu, bir uğursuzluq hekayəsidir və düşünürəm ki, bu şəkildə də Ermənistanın bütün beynəlxalq təşkilatlarla və dövlətlərarası münasibətlərdə fiaskoya uğraması davam edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov