“Paşinyanın fraksiyası bu bəyanatın əleyhinə çıxsa da, hökumət Qarabağ ermənilərinin vəziyyətini…” – ŞƏRH

“Ermənistan Qarabağ ermənilərinin vəziyyətini danışıqların predmetinə çevirmək cəhdlərinə ara vermir”.

Bu fikirləri Ermənistan parlamentində hakim fraksiyanın “Dağlıq Qarabağ Respublikası” ifadəsinin yer aldığı bəyanatı rədd etməsinin səbəblərini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Professor hesab edir ki, Ermənistan parlamentində əsasını Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu partiyanın təşkil etdiyi fraksiyanın sözügedən bəyanata qarşı çıxması danışıqlar prosesində yaranmış vəziyyətlə bağlıdır:

“Bəli, bu gün mən Ermənistan parlamentində bu istiqamətdə aparılan müzakirələri izlədim. Həmin bəyanatın layihəsi müxalif fraksiyalardan biri tərəfindən hazırlanmışdı və Qarabağdakı separatçı rejimin mövqeyinə əsaslanırdı.

Kifayət qədər sərt polemika şəraitində keçən müzakirələrdə hakim fraksiyanın deputatları o bəyanatın əleyhinə çıxdılar. Bu, əlbəttə ki, ilk baxışda müsbət haldır. Yəni Ermənistan hakimiyyəti bununla artıq Qarabağdakı separatçı rejimi “dövlət” kimi görmədiyini nümayiş etdirir.

Bu da əsasən onunla əlaqədardır ki, dünyanın aparıcı dövlətləri Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını qəbul edirlər. Belə bir şəraitdə İrəvanın beynəlxalq iradəyə qarşı çıxması mümkün deyil. Ona görə də Ermənistanın hakim siyasi qüvvəsi bu məsələdə dediyimiz mövqedən çıxış edir.

Digər tərəfdən, Ermənistan Qarabağ ermənilərinin vəziyyətini danışıqların predmetinə çevirmək, o cümlədən nəzərdə tutulan sülh sazişinə bu haqda xüsusi müddəa salınması cəhdlərinə də ara vermir. Paşinyan və Ermənistanın başqa rəsmiləri İrəvana gələn xarici nümayəndə heyətləri ilə danışıqlarda bu məsələni hər dəfə qaldırırlar.

Ancaq Azərbaycan haqlı olaraq Ermənistanın bu yanaşmasını rədd edərək, Qarabağ ermənilərinin öz vətəndaşları qismində hüquqlarını qoruyacağına təminat verir, məsələnin Bakı üçün müzakirə mövzusu olmadığını qətiyyətlə bildirir”.

A.Zeynalov