Paşinyanın Gürcüstandakı ARZUSU: İrəvan hansı təxribatları törədə BİLƏR?

“Bu gün Cənubi Qafqazda, xüsusilə Gürcüstan üzərində baş verən gərginliklər davam edir. Qərb dairələri burada müxtəlif təxribat üsullarından istifadə edirlər. Gürcüstan daxilində Qərb meylli şəxslərin uzun illər qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə maliyyələşdirilərək öz alətlərinə çevrildiyi məlumdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Analitik Gürcüstandakı təxribatlara Ermənistanın müdaxiləsi ilə bağlı səslənən iddialara toxunub.

Onun sözlərinə görə, hazırda həmin şəxslər Gürcüstanda təxribatların həyata keçirilməsində və ölkənin qarışdırılmasında fəal iştirak edirlər:

“Bununla yanaşı, Qərb dairələri Ermənistandakı təsir mexanizmlərindən və xüsusi xidmət orqanlarından da istifadə edərək Gürcüstanda oxşar planlar həyata keçirməyə çalışırlar. Ermənistan hakimiyyətinin bu gün birbaşa Qərbin, xüsusilə Avropanın siyasi təsiri altında olduğu açıq-aydındır. Baş nazir Nikol Paşinyanın Qərblə sıx əməkdaşlıq etdiyi dəfələrlə müşahidə olunub. Həmçinin Avropa İttifaqının Ermənistandakı mülki missiyası adı altında fəaliyyət göstərən qrupun da xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarət olduğu barədə iddialar var. Bu missiya üzvlərinin Gürcüstana gizli şəkildə göndərilməsi və Gürcüstandakı proseslərin daha da gərginləşdirilməsi üçün istifadə edilə biləcəyi ehtimal edilir”.

“Bu vəziyyət Gürcüstanda kütləvi etiraz aksiyalarını daha da qızışdırmaq, hakimiyyəti zor gücü ilə devirmək və etirazçılarla hüquq-mühafizə orqanları arasında ağır qarşıdurmalar yaratmaq məqsədi güdə bilər. Ermənistan vasitəsilə belə planların həyata keçirilməsi mümkündür və bu, artıq açıq şəkildə hiss olunur. Ermənistanın keçmişdə və indiki dövrdə belə təxribatların həyata keçirilməsində vasitəçi rolunu oynadığı məlumdur. Gələcəkdə də Ermənistanın bu cür siyasi oyunlarda alət kimi istifadə ediləcəyi istisna edilmir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29