“Küçə nümayişləri ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan simasını tamamilə dəyişib və etirazçılara qarşı güc tətbiq edir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Rusiyanın Birinci Kanalının efirində deyib.
Deputatın sözlərinə görə, Paşinyan etirazçıları yatırmaq üçün hüquq-mühafizə orqanlarından istifadə edir: “Nəinki Rusiya-Ermənistan münasibətlərinə, hər şeydən əvvəl Ermənistanın özünün maraqlarına xəyanət edən bu yolda dayanan Paşinyan Qarabağ ermənilərini tək qoyub. Onlardan əl çəkdi, mahiyyətcə onları tərk etdi, onlara xəyanət etdi… Bu gün o, bəzi kəndlərin artıq mübahisəli hesab edildiyi və Azərbaycana verilməli olduğu üçün Azərbaycanla sövdələşmə aparır.
Cənab Paşinyanın hakimiyyətinin hər günü Qafqazda və bütün Şərqdə Rusiya üçün rüsvayçılıqdır, çünki o, prezidentimizlə görüşdən sonra həyasızcasına Rusiyanı təhqir edir və bütün günahlarını onun üzərinə yıxır. O, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır”./unikal