Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI

Ermənistanın baş naziri N.Paşinyan avqustun 14-də BBC telekanalının ” HARDtalk” verlişinin aparıcısı peşəkar jurnalist Stefen Sakurun kəskin, lakin obyektiv sualları qarşısında aciz duruma düşdü.

Paşinyanın bu vəziyyətə düçar olmasının səbəbi yalnız onda deyil ki,bu şəxs  xarici-ingilis dilini mükəmməl səviyyədə bilmir və yaxud bir siyasətçi kimi yetkin fiqur deyil, deyəsən heç belə bir şansı da yoxdur.

Məsələnin məğzi ondadır ki, Paşinyanın təmsil etdiyi dövlət Ermənistan-Azərbaycan münaqişəsində ilk gündən təcavüzkar, işğalçı, ədalətsiz mövqenin ifadəçisinə və təcəssümünə çevrilib.

Ermənistanın göstərdiyim parametrlər üzrə düşdüyü,daha doğrusu özünü yuvarladığı bu  durum BMT Təhlükəsizlik Şurasının 822,853,874,884  ,BMT Baş Assambleyasının 62/243 nömrəli qətnamələrində beynəlxalq səviyyədə öz  təsdiqini  artıq tapıb,rəsmi qaydada işğalçı qismində tanınıb.Buna baxmayaraq, Ermənistan bu qətnamələrin tələbinə,beynəlxalq qanunvericiliyə əməl etmir,işğal etdiyi ərazilərimizi qeyd-şərtsiz tərk eləmir.Əksinə, “Bonn İntrnational Center for Conversion” (BİCC) kimi mötəbər təşkilatın hazırladığı məruzəyə əsasən, dünya üzrə silahlanma siyahısında Ermənistan 2014-cü ildən etibarən 3-cü sırada qərarlaşıb.Təkcə bu faktın özü onun göstəricisidir ki,düşmən öz təcavüzkar siyasətindən imtina etmək fikrində deyil,ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır.Başqa sözlə,Ermənistan işğalçılıq siyasətinə sadiqdir,yeni hərbi doktrinasını həyata keçirməkdə israrlıdır.Bu doktrinanın məğzi isə yeni müharibə , yeni ərazilərin işğalı niyyəti deməkdir.İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu niyyətin tərkib hissəsidir.

Təxribatdan sonra-iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana 7 reyslə göndərilmiş 400 ton həcmində hərbi yük isə onun göstəricisidir ki,ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrdən bəziləri iştirakçısı olduqları vasitəçilik missiyasının tərəfsizlik mahiyyətinə lazımi diqqət yetirmirlər.Belə münasibət BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin və vasitəçilik missiyasının mahiyyətinə ziddir.

Ermənistanın baş naziri N.Paşinyan məhz işğalçı və təcavüzkar siyasətin daşıyıcısı və iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı.Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün,haqq və tarixi ədaləti,beynəlxalq hüququn tələblərini yüksək siyasi və peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına  başa saldığına görə,Paşinyan bütün dünyanın gözü önündə aciz və çıxılmaz duruma düşdü.

Dövlətimiz uzun illər ərzində ikili standartlarla mübarizə aparmaq məcburiyyətində qalıb.Təəssüf ki,bir çox hallarda bu cür ikili yanaşma beynəlxalq jurnalistikadan da yan ötməyib.Tanınmış jurnalist Stefen Sakurun Paşinyandan götürdüyü müsahibə peşəkar və obyektiv jurnalistikanın nadir,əvəzsiz nümunələrindən biridir.S.Sakurun sualları ədalət deyilən məhfumun real ifadəsidir.Ədalət isə haqqın təcəssümü  olduğu üçün onun qılıncı bütün hərbi silahlardan daha kəsərlidir.Həmin müsahibədə jurnalistin kəskin  sualları qarşısında Paşinyanın aciz durumu açıq-aydın ortada idi.

Bu sualların və onlara verilən qeyri-peşəkar, səviyyəsiz cavabların hamısını sadalamaq fikrində deyiləm. Daha yaxşısı o olardı ki,marağı olanlar müsahibəni özləri izləsin. Lakin  müsahibə boyu  ədaləti ortaya çıxarmağa xidmət edən suallardan birini qeyd etməyim yerinə düşərdi. Bu sual işğalçı Ermənistanın təxribatçı siyasətinin mahiyyətini bir daha ortaya qoyur:

“Niyə siz ötən ilin avqustunda “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (siz Dağlıq Qarabağı belə adlandırırsınız) Ermənistandır və nöqtə” bəyanatını verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı.Bu,Azərbaycana qarşı acıq-aydın bir təxribat idi”.

Ermənistan-Azərbaycan münaqişəsinin təməlində işğaıçı Ermənistanın həmin sualda səslənən  məhz bu cür təxribatları dayanır,Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu təcavüzkar  siyasətin davamıdır…S.Sakura dərin təşəkkürlər…

Ülvi Quliyev

Milli Məclisin deputatı

www.yenicag.az

292