!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın oynaq siyasəti: Şuşanın atəşə tutulması nədən xəbər verir? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

G20-nin toplantısına qatılmayan Rusiya Prezidenti Vladimir Putin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasına qatılacaq. Belə desək, hərənin öz kruqu…

İrəvanda keçirilən KTMT-nin iclasında Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və KTMT-nin Baş katibi Stanislav Zas da iştirak edəcəklər.

Hesab edirəm ki, Putin KTMT-nin İrəvandakı iclasına qatılaraq Ermənistanda marağı olan dövlətlərə dolayısı ilə mesaj verəcək ki, ölməyib, başqa regionda olmasa da, bu regionda söz sahibi odur. G20-nin toplantısına qatılmayan Putin Ermənistanı Rusiyanın forpostluğundan qoparmaq istəyənlərə ismarış yollayır, yoxsa İrəvana niyə gəlsin?!

KTMT yaranandan bu günə qədər yalnız Qazaxıstanda baş verən hadisələrə qatılmaq xaric, demək olar ki, heç bir xüsusi işə yaramayıb. KTMT üzvləri ha Moskvada toplansın, ha İrəvanda, toplananların yerini dəyişəndə cəm dəyişmir. KTMT haqqında bundan artıq nəsə yazmağa gərək görmürəm.

KTMT-nin toplanması fonunda Qarabağda baş verən hadisələr Azərbaycanı daha çox narahat etməlidir. Siyasi gərginlik artdıqca Azərbaycan Qarabağ məsələsi bitib dedikdən və Ruben Vardanyanla danışmayacağını bəyan etdikdən sonra gərginliyin artacağı gözlənilən hadisə idi. Təbii ki, bu gərginlik özünü sahədə büruzə verməli idi.

Sərhəddə atışmalar adi hal aldığı kimi, artıq Qarabağda da hər gün atəşkəsin pozulması adiləşib. Bu məsələnin adiləşməsi heç də yaxşı şeylərdən xəbər vermir. Şuşa istiqamətində belə atəşkəs pozulub. Bir müddət əvvəl Şuşa şəhərinin üzərində erməni dronunun uçması halı yaşanmışdı. Məsələ ondadır ki, bu xəbər Azərbaycan mətbuatında, demək olar, yer almadı. Bunu anlamaq da olar. Çünki təkcə bu xəbər ciddi sorğu-suala səbəb olacaqdı.

Ruslar dolayı yolla verdikləri mesajları ilə yanaşı, sahədə də işlər görür. Nəzarətləri altındakı bölgədə erməniləri atıcı silahlarla silahlandırırlar. Ağır silahlar gətirmələri ciddi səs-küyə səbəb ola bilər. Ancaq Laçın dəhlizinə Azərbaycanın nəzarət edə bilməməsi onların əl-qolunu açıb və istədikləri kimi davranırlar. Rusların nəzarəti altındakı bölgə, demək olar ki, militar ərazidir. Əminliklə demək olar ki, ərazidə yaşayan əhali formal olaraq dünyaya göstərilmək üçün varlar.

Müharibə iki ildən çoxdur bitib, ancaq irəliləyişlərin hamısı güc yolu ilə baş verib. Azərbaycan öz vətəndaşı hesab etdiyi ermənilərlə yalnız qeyri-rəsmi görüşlər keçirə bilib. Ancaq bu görüşlər faktiki olaraq vəziyyətin dəyişməsi üçün heç bir rola malik deyil. Əgər olsaydı, bunun real nəticələrini, işartılarını bu günə qədər görə bilərdik.

Vəziyyət göründüyündən daha qəlizdir. Bölgədə marağı olan çoxlu sayda böyük güclər var. Hər gücün də marağını təmin etmək, istəklərini həyata keçirmək mümkün deyil.

Azərbaycanın real olaraq güvənə biləcəyi tək güc Türkiyədir. Biz nə qədər də desək, Türkiyə 100 il sonra Cənubi Qafqaza girə bildi, gerçəkci olsaq, bu da reallığı əks etdirmir. Belə ki, 1918-ci ildə indiki adla Türkiyə Cənubi Qafqazı ilhaq etmək üçün girmişdi və bu proses təxminən 5 aya yaxın davam etdi. İndiki halda Türkiyə yalnız Azərbaycana daxil ola bilib. Bunu Cənubi Qafqaz adalandırmağımız da düzgün olmaz. Uzun zamandır ki, Türkiyə ilə Ermənistan arasında normallaşmanın olacağı barədə danışıqlar gedir, ancaq hələ də baş tutmur. Yəni Türkiyənin Ermənistana təsir və ya təzyiq gücü yoxdur. Türkiyə Ermənistanı yalnız təhdid edə bilər. Eynən Azərbaycan kimi. Azərbaycan da Ermənistana yalnız hərbi yolla təzyiq edə bilir, təhdidlər yağdırır. Məsələ ondadır ki, Ermənistana təzyiq edə biləcək dövlətlər – Rusiya, İran və Fransanın heç biri Azərbaycanın yanında deyil, əksinə qarşısındadır. Prosesin çıxmaza girməsinin səbəblərindən biri də məhz budur.

Azərbaycan özünə elə bir tərəfdaş tapmalıdır ki, Ermənistana təzyiq edə bilsin. İran belə desək, səfin seçib, Fransa da həmiçinin. Rusiya Ermənistana komunikasiya yolları üzərindən təzyiq göstərməyə cəhd etdi, bu da alınmır. Çünki Paşinyan o qədər oynaq və sürüşkən siyasət həyata keçirir ki, Rusiya təzyiq edən kimi KTMT-dən çıxıb Qərbə yönəlməkdən danışır. Ermənistan maraqların kəsişdiyi nöqtədə olduğunun fərqindədir. Fərqində olduğu üçün də ürəklə qumar oynayır, iki oynaşını da əlində saxlaya bilir.

Türkiyəlilərin belə bir atalar sözü var: “Çəyirtkə bir dəfə sıçrayar, iki dəfə sıçrayar, üçüncüda yaxalanar”.

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv