Paşinyanın “Qarabağsız sülh müqaviləsi” “TEZİSİ”: “Onun revanşistlərlə eyni mövqedə olması…” – ŞƏRH
- Yeni Çağ Media Qrupu
- 03.10.2022 - 15:50
- 625
“Paşinyan iddia edirdi ki, Azərbaycan və Ermənistan arasında normallaşma bir, Dağlıq Qarabağ məsələsi isə digər platformada müzakirə olunmalıdır”.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla imzalanması gözlənilən sülh sazişində “Qarabağla bağlı müddəanın olmayacağı” haqda bəyanatını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Paşinyan da Dağlıq Qarabağ məsələsinin ikitərəfli danışıqların predmetinə qaytarılması ilə bağlı revanşistlərlə eyni mövqedədir:
“Sözsüz ki, Ermənistanın daxili siyasi qüvvələri arasında Azərbaycanla imzalanması gözlənilən sülh sazişinə yanaşmada çox ciddi fərqlər var və bu məsələdə yaranan ziddiyyətlər getdikcə daha da kəskinləşməkdədir. Ermənistandakı revanşist qüvvələr nəzərdə tutulan sülh sazişində Qarabağla bağlı hər hansı müddəanın olmaması faktı ilə barışmayacaqlarını nümayiş etdirirlər.
Heç Paşinyanın özünün də belə fikir səsləndirməyinə baxmayaraq, sülh sazişində Qarabağa dair müddəanın olmaması ilə razılaşacağı gözlənilmir. Çünki son günlərdə Paşinyanın siyasi rəqiblərini sakitləşdirmək üçün verdiyi bəzi bəyanatlarla tanışıq və onları xatırlatmaq istərdim. O dedi ki, bu gün nə Rusiya, nə ABŞ, nə də Avropa İttifaqı Dağlıq Qarabağın nə müstəqil olmasını, nə də Ermənistanın tərkibinə keçməyini təmin etmək imkanında deyil.
Ancaq bu, Paşinyanın revanşist düşüncələrdən tam imtina etməsi qənaəti üçün əsas yaratmır. Bu həmin Paşinyandır ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti ilə görüşdən sonra Dağlıq Qarabağ məsələsi həll olunmadan Azərbaycan-Ermənistan normallaşmasından söhbət gedə bilməyəcəyini bəyan edirdi. O iddia edirdi ki, Azərbaycan və Ermənistan arasında normallaşma bir, Dağlıq Qarabağ məsələsi isə digər platformada müzakirə olunmalıdır.
O baxımdan, Paşinyan da Dağlıq Qarabağ məsələsinin ikitərəfli danışıqların predmetinə qaytarılması ilə bağlı revanşistlərlə eyni mövqedədir. Buna görə də Paşinyanın Azərbaycanla Dağlıq Qarabağa dair müddəaların olmadığı sülh sazişi imzalayacağı yaxın perspektiv üçün real görünmür. Elə Ermənistan xarici işlər nazirinin Cenevrədə verdiyi bəyanat da belə düşünməyə ciddi əsas yaradır. Ümumiyyətlə, həmin görüşdə delimitasiya ilə əlaqədar müzakirələrin noyabrdan oktyabra keçirilməsindən başqa heç bir razılaşma əldə edilməyib. Qeyd olunanları nəzərə alaraq, Paşinyanın həmin açıqlamasını onun növbəti manevr cəhdi kimi qiymətləndirə bilərik”.
A.Zeynalov