Paşinyanın Rusiyadan qopmaq istəyi – Ermənistanın yeni silahlar alması müharibəyə hazırlıqdır?

“Azərbaycan da hava hücumundan müdafiə sistemlərini yeniləməli və sayını artırmalıdır”.

Bunu Ermənistanın silahlanmaya getməsi, revanş ehtimalları, Rusiya ilə soyuq münasibətlərin verə biləcəyi nəticələri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistanın yeni silahlar almasını müharibə mesajı kimi qiymətləndirmək düzgün deyil:

” Baxmayaraq ki, ruslar təmənnasız silahla təmin etdilər, Ermənistan ordusu 44 günlük müharibədə iflic oldu. Sonuncu müharibə göstərdi ki, hava hücumundan müdafiə sistemləri ən vacib sahələrdən biridir. Kiyev-Kreml müharibəsində Ukrayna tərəfi Qərbin onlara hava hücumundan müdafiə sistemləri verənə qədər müqavimət göstərməkdə çətinlik çəkirdi. Ancaq hava hücumundan müdafiə sistemləri təmin ediləndən sonra, Ukrayna tərəfi nəinki müqavimət göstərdi, hətta ruslara çox ciddi zərbələr endirdi.

44 günlük müharibə onu göstərdi ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri effektiv deyil. Azərbaycan həmin sistemləri elə ilk günlər darmadağın etdi. Ermənistan bunu bildiyi üçün alternativ dövlətlərə üz tutur.

Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var. Ermənistan – Paşinyan və onun komandası hər cəhətdən tam şəkildə Rusiyadan qopmaq istəyir.

Azərbaycan da hava hücumundan müdafiə sistemlərini yeniləməli və sayını artırmalıdır. Çünki cənubdan İran, şimaldan Rusiya və sülh müqaviləsi imzalanmamış Ermənistanla qonşuyuq. Hər şeyə hazır olmaq lazımdır”.

Səxavət Məmməd