Paşinyanın son oyunu və ya biz Fransa ilə bağlı ən böyük səhvi harda etdik? – “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, VlI Buraxılış / VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda yeddinci buraxışı ilə görüşünüzə gəlib.

Məğlub ermənilərin qondarma rejimi tanıtma cəhdləri və bu oyunda pilotluq edən Fransaya Azərbaycanın jestlərinə Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Video link:

Buraxılışın mətni:

Dığanın arzusu ürəyində qaldı

Əvvəl deyirdilər ki, tanklarımızı Bakıya sürərik. Başlarına vura-vura aldıq o tankları, Bakıya gətirdik. İndi də hürürlər ki, əsirlərimizi Bakıdakı paradda sərgiləyəcəklər. Ə dığa, ağzında parad deyirsən e, parad. Paradda it-küçüyün sərgiləndiyi harda görülüb?

***
Qurbanolduğumun Paşinyana biçdiyi don

Əslində, Dağlıq Qarabağdakı separatçıların tanınma oyunu müharibə gedərkən, Paşinyan tərəfindən başladılmışdı. Ondan Hadrut kimdədir soruşanlara belə, problemin tək yolunun separatçıların dövlət kimi tanınmasında olduğunu söyləyirdi. Dəli, zırrama, dabanyalayan deyə bilərik. Ancaq Avropada oynanan oyun onun oyunudur. Guya problemi 30 il ərzində çözməli olan Fransa da bu proje üçün pilot ölkə. Ardınca, Belçikdan başlayıb, ABŞ-a qədər cəhd edəcəklər ki, bu terrorçu qrupa dövlət donu geyindirsinlər. Unutduqları tək şey isə budur ki, Qurbanolduğum bunlara elə don geyindirib ki, heç bir erməni tarixçisinin əli gəlməyəcək gələcəkdə düşdükləri bu rəzil durumu yazsın.

***

Fransa ilə bağlı səhvimiz…

Plan Paşinyanındır. Tamam. Pilot ölkə Fransa. O da tamam. Mənim gözüm statistikaya ilişdi.

Statistikaya görə, bu günədək Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında qardaşlıq, dostluq və əməkdaşlıq xartiyaları imzalanıb.

Fransanın 59 şirkəti Azərbaycanda fəaliyyət göstərir.

2004-2018-ci illərdə Fransa şirkətləri ölkəmizlə əlaqədar ümumilikdə 2 milyard 300 milyon ABŞ dolları məbləğində sifarişlər yerinə yetiriblər. Yəni, Azərbaycan 3 Qafqaz respublikası arasında Fransanın əsas ticarət tərəfdaşıdır. Bu ölkə ilə mal dövriyyəsi 63 faiz təşkil edir. İki ölkə arasında ticarət mübadiləsinin həcmi ildə 600 milyon dolları ötüb.

Mən hələ təhsil, mədəniyyət və digər sahələrə toxunmuram.

Yəni, Fransaya bu qədər xeyir verərkən, onlar özlərinə də ayaq bağı olan Ermənistanla arasında ticarət mübadiləsinin həcmi 100 milyon dollar civarındadır.

Bütün statistikalarda öndə olsaq da, Fransa senatı yekdilliklə, ermənilərin tərəfində dayandı. O zaman niyə sual verən tapılmır ki, niyə biz illərdən bəri bütün önəmli lahiyələrə fransızları ortaq edirdik? Ən kritik anda bu 59 şirkətin 9-u Azərbaycanla bağlı səsini çıxarmayacaq, öz ölkəsinə yumşaq güc nümayiş etdirməyəcəksə, bu fransızları niyə bəsləyirik? Azərbaycanın 14 şəhəri ilə qardaş olan hansı Fransız şəhəri bizimlə bağlı bir kağız parçası yayımladı? Ya dostluq qrupunun 20 üzvündən onunun belə 2014-cü ildə seçilən senat üzvlərindən biri ilə şəxsi dostluğu yoxdur ki, səsverməyə qatılan senat üzvlərindən 305-i əleyhinə səs verərkən, 1 deyil də, 11 əleyhinə olaydı?

Bu günə qədər Fransanın bu qədər açıq düşmənliyinə qarşı biz nə etmişik? Bəyanat vermişik, üç-beş gəncimiz də Fransa səfirliyi qarşısında piket keçirib. Başqa? Fransaya diş göstərməyəndən sonra o simvolik saydığınız sənəd başqa parlamentlərə də yol açacaq.

Müharibəni hücumla qazandıq, diplomatiyada da hücum ən önəmli silahdır. Silahı da cəsarət sahiblərinə tapşırmaq lazımdır.

***
Dönəmin son böyük Asenası: Tənzilə Rüstəmxanlı

Bu gün Tənzilə Rüstəmxanlının doğum günüdür. Ömrünün tən yarısından çoxunu Azərbaycanın xaricdəki haqq səsi olmağa həsr etmiş, evində xeyri-şəri olmasına baxmadan şəhər-şəhər, ölkə-ölkə gəzərək, Azərbaycanı təbliğ edən tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlı 60 yaşına qədəm qoydu bu gün. Milli duruşundan heç vaxt vaz keçməyən, Cəmildən, Aydandan daha çox Kərkükdən, Girnədən, Təbrizdən, Təlafərdən, Ərdəbildən, Sivasdan, Kayseridən gələn gənclərə analıq edən, 3 may Türkçülük gününü Azərbaycanda türklük şöləninə çevirən, hər kəsin ətəyini öpməyə getdiyi vaxt Gülənə savaş açan Türk Qadınıdır Tənzilə Rüstəmxanlı. Şəxsi əlaqələrini hər zaman ehtiyacı olanlar üçün xərcləməkdən çəkinməyən, ancaq çörəyi çox vaxt kimlərəsə duzsuz gələndir Tənzilə Rüstəmxanlı. 15 ilinə şəxsən yaxından şahid olduğum keşməkeşli, mübarizə ilə dolu bir ömür sahibidir Tənzilə xanım.

Mən onun Firudin bəyin müalicəsi ilə bağlı xahişi dövlət tərəfindən təsdiqlənəndəki məsum sevincək halını görmüşəm. Mən Könül yarası qasnaq bağlamadan 8 şəhərdə 14 konfrans verən və ürəyi qan ağlasa da, bunu kimsəyə göstərməyən, dimdik ayaqda olan Tənzilə Rüstəmxanlını tanımışam.

Mən onun Şuşa alınanda, “Cənab prezident bu ayda doğulanlara ən Böyük hədiyyəni verdi” sözlərini necə sevinc göz yaşları içərisində dediyinə də şahidlik edənlərdənəm. Başqaları kağız üzərində lahiyələr həyata keçirərkən, sadəcə, aeroportlarda sərt stullar üzərində bir neçə saat dincələrək, iynə atsan yerə düşməyən konfransları bir-birinə caladığını da öz gözlərimlə görmüşəm.

Bəlkə də Tənzilə xanımın haqqı bu məmləkətdə heç vaxt haqq etdiyi qədər ödənməyəcək, bəlkə son illərə qədər önünə daş yığanlar getsələr də, onları yeniləri əvəzləyəcək. Ancaq heç bir haqsızlıq Tənzilə Rüstəmxanlı ürəyindən bu millətə və dövlətə olan sevgi və sədaqəti zədələyə bilməyəcək. Bir böyüyümüz deyirdi ki, düşmən nə qədər olursa-olsun, həmişə bizi qarşılarında görəcəklər. Tənzilə Rüstəmxanlı da adının fərqinə baxmadan düşmən olanın qarşısındakı qala bürclərindən biridir. Hamıdan tez görür düşməni, hamıdan da tez uğrayır hücuma. Ancaq hər hücum onu da daha da mətinləşdirir, müdrikləşdirir və əzəmətli dağa çevirir.

Varsın, böyük kabinetlərdəki kiçik adamlar varlığınızdan, adınızdan belə narahat olsunlar. Sizə Türk Dünyasının dörd bir yanında qazandığınız sevgi seli yetər. Bu gün Avropadan Doğu Türküstana, Şimali Kiprdən Türkmənelinə, Altaylardan Urmiya gölü sahillərinə qədər hər yerdə adınızı sayğı və sevgi ilə çəkən gənclər yetişdirilibsə, bundan böyük qazanc ola bilməz.

Əziz Tənzilə xanım, siz altmış yaşınızı qeyd edə bilərsiniz. Bu sizin haqqınızdır. Ancaq unutmayın ki, Asenalar hansı yaşda olmalarından fərqli olaraq, 25 yaşındakı kimi gənc və kamildirlər! Bizim üçün də siz son dövrün ən böyük Asenasısınız. Asena yaşınız mübarək!