Paşinyanın Sorosun kadrlarına üstünlük verməsinin SƏBƏBİ: “Öz maraqlarını təmin edir”

“Karapetyanın yerinə daha təcrübəli bir şəxs təyin edilə bilərdi, lakin gələn şəxsin Qarabağ klanına, dolayı yolla həm də Rusiyaya bağlı olmayacağına təminat yox idi”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edərək onun yerinə müdafiə naziri postuna müavini Suren Papikyanı təyin etməsinə münasibət bildirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Suren Papikyanın müdafiə naziri kimi uğurlu olub-olmayacağı mübahisəli olsa da, Paşinyanın ordudan və gələcək təhlükədən arxayın olmaq istədiyi bəllidir:

“Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanın təyin edilməsi olduqca maraqlıdır. Ona görə ki, Papikyanın heç bir hərbi təcrübəsi yoxdur. Papikyan 2021-ci ilin avqustun 2-də Baş nazir Nikol Paşinyanın müavini postuna yiyələnib. Papikyanın ordu daxilindəki tək uğuru 2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin “Qaregin Njde” ordeni ilə təltif olunmasıdır. Papikyan Paşinyanın öz kadrıdır. Bu baxımdan Paşinyan Papikyanı müdafiə naziri təyin edərək əslində öz maraqlarını təmin edir.

Ən mühüm hədəf odur ki, Paşinyan hakimiyyətinə real təhlükə olan orduya öz kadrını gətirmiş oldu. Aydın məsələdir ki, Ermənistan ordusu daxilində Qarabağ klanına və onun havadarı Kremlə mənsub kifayət qədər hərbçi yüksək rütbəli zabit var. Arşak Karapetyanın yerinə daha təcrübəli bir şəxs təyin edilə bilərdi, lakin gələn şəxsin Qarabağ klanına, dolayı yolla həm də Rusiyaya bağlı olmayacağına təminat yox idi. Papikyandan isə Nikol təhlükə gözləmir”.

Paşinyanın məlum təyinatının digər səbəbinin Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlı olduğunu qeyd edən Turan Rzayev hesab edir ki, son günlər sərhədçilərimizin strateji yüksəkliklərə yiyələnməsi və bu prosesin hələ də davam etdirilməsi Ermənistan daxilində Qarabağ klanında propoqandası ilə narazılıqları artırıb:

“Paşinyan Arşak Karapetyanı istefaya göndərərək onu faktiki olaraq baş verən hadisələrin günahkarı elən etdi. Düzdür, Papikyanın təyinatı Azərbaycan sərhədçilərinin strateji yüksəklikləri ələ keçirməsini dayandırmasa da, hər halda ona müəyyən vaxt qazandıracaq. Həmçinin erməni mənbələrinin verdiyi məlumata görə, Suren Papikyan Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş mətbuat katibi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edib. Aydın məsələdir ki, Suren Papikyanın müdafiə naziri təyin edilməsi kimi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi də Nikol Paşinyanın qərarıdır. Məsələ ondadır ki, Mane Gevorkyan Sorosun kadrı hesab olunur və onun indiki halda müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi sonrakı mərhələdə ordu daxilində Sorosa sadiq qüvvələrin sayının artmasına, beləcə Qarabağ klanı və təbii ki, Kremlin təsirinin azaldılmasından xəbər verir”.

Gülşən Şərif