!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın Tehran səfəri İran və Ermənistanın ölkəmizə “gözdağı” verməsidir”

!Reklam – Yazi

İran Azərbaycana qarşı ikili siyasət yeritməkdə davam edir.

İran prezidenti Həsən Ruhani dolayısı ilə Azərbaycana qarşı ərazi iddiasi ilə çıxış edib. İranın Azərbaycana qarşı hörmətsizliyi bununla bitmir. İranda səfərdə olan Ermənistan baş naziri Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşdə iştirak edərkən “Qarabağ Ermənistanındır və son” plakatı açılıb. Bu plakatın İranda açılması Azərbaycan tərəfini hiddətləndirib.

İranın son zamanlar Azərbaycana qarşı atdığı addımları politoloq Nəsimi Məmmədli Yenicaq.az-a şərh edib.

Nəsimi Məmmədli bildirib ki, İran İslam Respublikasının rəsmi dövlət siyasətində açıq ifadə edilməsə də, daim Azərbaycana mənfi münasibət sərgilənir:

“Bu yanaşma təkcə indiki prezidentə və hökumətə qarşı deyil. Ölkəmiz müstəqilliyini bərpa edəndən bəri bütün dövrlərdə belə mənfi münasibət olub.

İran qonşuluğunda müstəqil və dünyəvi Azərbaycan dövlətinin varlığını özünə təhlükə kimi görür. Müxtəlif bəhanələrlə bizə təzyiq göstərməyə çalışır. Ölkəmizdə dini-ideoloji və siyasi dayaqlar yaratmaq üçün intensiv iş aparır. Bu gün ölkəmizin dini-ictimai həyatına ən çox nüfuz etmiş ölkə İrandır.

Yaxın dövrləri analiz etsək, son vaxtlar ölkələrimiz arasındakı münasibətlərdə nəzərə çarpacaq problem olmayıb. Xüsusilə də Azərbaycan hökuməti İranın həssas yanaşdığı milli, dini, siyasi məsələlərdə onu narahat edəcək, qıcıqlandıracaq, qəzəbləndirəcək heç bir addım atmır. Daim onun maraqlarını qorumağa cəhd edir. İranla bağlı çox ehtiyyatlı siyasət yürüdür.

Məhz belə bir vaxtda İran prezidentinin səsləndirdiyi fikirlər, atdığı addımlar çoxsaylı suallar və narahatlıqlar doğurur. Hətta tarixi aspektdə olsa da, Azərbaycana İranın tərkib hissəsi kimi baxılmasını dilə gətirmək ölkəmizə siyasi mesaj və təzyiq kimi anlaşılır. İran çoxmilyonlu soydaşlarımızın tarixi vətəni olsa da, eyni dini dünyagörüşü paylaşsaq da, hər fürsətdə Ermənistana dəstək verir. Açıq şəkildə Ermənistanla iqtisadi-ticarət, mədəni və siyasi-diplomatik əlaqələri möhkəmləndirir”.

Paşinyanın İrana səfərini politoloq aşağıdakı kimi dəyərləndirib:

“Ermənistan baş naziri Paşinyanın İranda ən yüksək səviyyədə qarşılanması, rəsmi görüşlər keçirməsi, habelə erməni icması ilə təmasları göstərir ki, İran bundan sonra da Ermənistana hərtərəfli dəstəyini əsirgəməyəcək. Xüsusilə də bu səfərin “Xocalı Soyqırımı”nın ildönümünə təsadüf etməsi İran və Ermənistanın ölkəmizə “gözdağı” verməsidir. İranın bu yanaşması nə qonşuluq münasibətlərinə sığır, nə də dini təəssübkeşliyə uyğundur. Azərbaycan hökuməti İranda erməni icmasının qondarma “Qarabağ Respublikası” ilə bağlı sərgilədikləri şüara görə rəsmən izahat istəməlidir.

Rusiya və İranın etirazlarına görə Qərblə siyasi məsafə saxlayan Azərbaycandan fərqli olaraq, Paşinyan qərbyönümlü siyasət yürüdür. Amma görünən budur ki, Ermənistanda kimin hakimiyyətdə olması Rusiya kimi İranı da narahat etməyib. İki ölkə arasında strateji münasibətlər olduğu kimi davam edir.

İran hazırda çox mürəkkəb və ziddiyyətli geosiyasi reallıqlarla üzləşib. ABŞ-ın sanksiyaları, Orta Şərq böhranında iştirak İran iqtisadiyyatını xeyli zəiflədib. Ölkə daxilində də ciddi sosial gərginlik var. Məhz belə bir vaxtda Azərbaycanla münasibətlərin yaxşı olması daha çox İranın maraqlarına uyğun olardı”.

Səxavət Məmməd

www.yenicag.az

3472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv