Paşinyanın YENİ REVERANSI: “Erməni cəmiyyətinə bunu təlqin etməyə çalşır ki…”

“O, bütün bunların ondan əvvəl Ermənistana rəhbərlik etmiş şəxslərin səriştəsiz siyasəti nəticəsində baş verdiyinə eyhamlar vuraraq siyasi mövqeyini möhkəmləndirir”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında ölkənin indiki vəziyyətə düşməyinin mövcud reallıqdan qaynaqlandığına dair fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın həmin fikirləri dilə gətirməsi Ermənistanın bu vəziyyətə məhz illər boyu apardığı əsassız siyasət nəticəsində düşdüyünün fərqində olmasının göstəricisidir:

“Həqiqətən də, Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi fikirlərin haradasa qısa xəbər başlıqları kimi də qəbul olunması mümkündür. Onun həmin sözlərinin mahiyyətinə varsaq, dedikləri Ermənistanın düşdüyü indiki ağır vəziyyətin açıq etirafı sayıla bilər.

Eyni zamanda, Paşinyanın həmin fikirləri dilə gətirməsi Ermənistanın bu vəziyyətə məhz illər boyu apardığı əsassız siyasət nəticəsində düşdüyünün fərqində olmasının göstəricisidir. Yəni başqa formada ifadə etsək, o, içində olduqları ağır durumu öz səhvlərinin nəticəsi adlandırır.

Digər tərəfdən, Ermənistanın baş naziri bu yanaşmasında “bir güllə ilə iki quş vurmağa” çalışıb.

Birincisi, Paşinyan Ermənistanın vəziyyətinin gerçəkdən ağır olduğunu və qonşularla münasibətlərin düzgün tənzimlənməsinin qaçılmazlığını ifsdə edərək, özünü praqmatik düşüncəli hökumət başçısı kimi göstərməyə çalışır.

İkincisi isə o, bütün bunların ondan əvvəl Ermənistana rəhbərlik etmiş şəxslərin səriştəsiz siyasəti nəticəsində baş verdiyinə eyhamlar vurmaqla, öz rəqiblərini hədəfə alır və siyasi mövqeyini möhkəmləndirir. Obyektivlik xatirinə deyək ki, Paşinyanın bu gedişi çox bic taktikadır.

Bundan başqa, Paşinyanın Qarabağdakı erməniləri heç yerə köçürmək niyyətlərinin olmadığını bəyan etməsi də onu göstərir ki, Ermənistanın baş naziri həmin ermənilərin öz hüquqlarını məhz Azərbaycanın tərkibində əldə etməli olduqları reallığını cəmiyyətə təlqin etməyə çalışır”.

A.Zeynalov