“Paşinyanla danışığa Əliyev deyil, Məmmədov getməlidir”- Politoloq

“Fransa, Rusiya xarici işlər nazirləri və ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri Ermənistanın yeni hökumətinə Qarabağ danışıqlarına getmək üçün təzyiq ediblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında düşmən ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın yaxın həftələrdə Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında birbaşa danışıqların ola biləcəyilə bağlı bəyanatına münasibət bildirərkən politoloq Mübariz Əhmədoğlu deyib:

“Ermənistanın yeni hökuməti təmas xəttində guya sabitliyin olmadığını bəhanə edərək danışıqlara getməmək üçün kifayət qədər cəhdlərdə bulundu. Amma indi Ermənistanın yeni xarici işlər naziri yaxın gələcəkdə Qarabağ məsələsilə bağlı birbaşa danışıqlar ola biləcəyini deyirsə, deməli Fransa, Rusiya xarici işlər nazirləri və ABŞ Dövlət Departamentinin yüksək çinli rəsmiləri Paşinyandan ən qısa müddətdə problemin tənzimlənməsilə məşğul olmağı tələb edib və bu istiqamətdə ona təzyiq göstəriblər. Deməli, burada Dağlıq Qarabağ məsələsilə bağlı Ermənistanın indiki hökumətinə təzyiqlərin olduğundan danışa bilərik”.

Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ məsələsilə bağlı birbaşa danışıqların ola biləcəyi məsələsinə isə həmsöhbətimiz iki istiqamətdə fikir bildirməyi lazım bildi:

“İlk əvvəl onu qeyd edim ki, düşmən ölkədə Konstitusiya dəyişiklikləri qüvvəyə minəndən və məxməri inqilabdan sonra Ermənistan və Azərbaycan rəhbərləri arasında ilk dəfə görüş keçiriləcək. Bu görüş zamanı Azərbaycanı və Ermənistanı kimin təmsil edəcəyi isə fikrimcə hələlik həllini tapmamış məsələdir. Ermənistandan prezident Armen Sarkisyan iştirak edəcəksə, o zaman Azərbaycanda onun prezident İlham Əliyevlə danışıqlar aparmağa nə qədər səlahiyyətli olması barədə suallar yaranacaq. Ermənistan prezidentinə Azərbaycan prezidentilə danışıqlar aparmaq səlahiyyətini parlament verməli və onun razılaşdığı bütün məsələləri ratifikasiya etməlidir. Nikol Paşinyan isə baş nazir olaraq bütün formatına görə Azərbaycan prezidentilə eyni Konstitusiya səlahiyyətlərinə malik deyil. Burada erməni hiyləsinin olduğunu da nəzərə almalıyıq. İşin digər tərəfi isə odur ki, belə bir danışıq olacaqsa, o zaman Azərbaycan tərəfdən baş nazir olaraq Novruz Məmmədov Ermənistan baş nazirilə görüşə bilər. Novruz Məmmədov Dağlıq Qarabağ məsələsi və beynəlxalq siyasətdə hədsiz dərəcədə hazırlıqlı adamdır. O münaqişə ətrafında gedən danışıqlarda tam iştirak etmiş bir insandır.

Elə başa düşürəm ki, Paşinyanla danışıqları Azərbaycan tərəfdən baş nazir Novruz Məmmədov aparmalıdır. Heç kəs indi uzun müddətli danışıqlar aparmaqda maraqlı deyil. Danışıqlar stolunun üzərində hazır sənəd var. Yenilənmiş Madrid prinsipləri əsasında tərtib olunan bu sənəd müəyyən mənada Azərbaycanın maraqlarına cavab verir, qarşı tərəfin isə maraqlarına tamamilə cavab vermir. Amma istər-istəməz Ermənistanı məcbur edəcəklər ki, həmin sənədə imza atsın”.

Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan mətbuata açıqlamasında düşmən ölkənin baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqların ola biləcəyini bəyan edib: “Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam”.
ELÇİN

COP29