Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqları olan insanların həmin torpaqları birləşdirərək onlardan müasir tipli mülkiyyət formaları – kənd təsərrüfatı artellərinin yaradılması təklif edilir.
Yenicag.az xəbər verir ki, bu təklifi irəli sürən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, rayonlarda pay torpaqları olan insanların əksəriyyəti ya onlardan istifadə etmir, ya da onları kiməsə ucuz qiymətə icarəyə verir. Amma həmin insanlar birləşərək pay torpaqlarının hesabına təsərrüfat birliyi yaradarlarsa, torpaqlarından daha səmərəli istifadə edə bilərlər. Bu, kəndlərdə yaşayan insanların məşğulluğunu təmin etməklə yanaşı, şəhərlərə demoqrafik axının da qarşısını alar.
Belə təsərrüfat birliklərinin dünyanın bir çox ölkələrində olduğunu nəzərə çatdıran alim İsmayıllının İvanovka kəndində buna oxşar təsərrüfatların olduğunu vurğulayıb:
“İvanovkada bu tipli təsərrüfat sistemindən olduqca gözəl nəticələr əldə edirlər. Kənddə hər kəsin vətəndaş olaraq mülkiyyət payları var və onlar bundan kifayət qədər gəlir əldə edə bilirlər. Belə artelləri Azərbaycanın coğrafi xüsusiyyətlərini nəzərə almaqla, istənilən rayonda yaratmaq olar. Məsələn, Şamaxıda artellər yaratmaqla üzümçülük sahəsini inkişaf etdirmək olar. Vaxtilə Şamaxı rayonunda il ərzində 300 min tona yaxın üzüm istehsal edilib, sovet dövründə Azərbaycanda büdcə gəlirlərinin 30 faizi üzümçülükdən əldə edilib”.
Ə.Əliyev qeyd edib ki, artellər yaradıldıqda onların biznes planı hazırlanıb Ədliyyə Nazirliyində təsdiqlənə və daha sonra dövlət tərəfindən birliklərə kreditlər verilə bilər. Artelləri yaradan insanlar rotasiya yolu ilə ona rəhbərlik etməklə gəlirləri də pay torpaqları və bacarıqları nəzərə alınmaqla, bölüşdürülə bilərlər. Burada əsas üstünlük həm də vətəndaşın mülkiyyət hüququnuin saxlanılmasıdır.
Şöbə müdiri bu təkliflərini Nazirlər Kabinetinə təqdim edəcəyini də söyləyib.