Artıq yay fəslini geridə qoyuruq. Payız fəslinə isə sayılı günlər qalıb. Bu mövsümdə insanlar daha çox mövsümi qriplərdən, xəstəliklərdən əziyyət çəkirlər. Bu da insan orqanizmində müəyyən narahatlığın yaranmasına gətirib çıxara bilir. Bəs görəsən, mövsümi xəstəlikləri daha yüngül keçirmək və yaxud bundan yan keçə bilmək üçün insanlar hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Yenicag.az-a danışan professor Adil Qeybulla deyib ki, əgər insanlar hər hansı bir kollektivdə soyuqdəymə, qripoz vəziyyətin yayıldığını hiss etsələr, burada yoluxmamaq üçün maskadan istifadə etmələri daha məqsədəuyğundur.
Professor qeyd edib ki, hər mövsüm dəyişəndə insanların orqanizmləri də müəyyən dəyişikliyə məruz qalır.
“Xüsusilə də isti havalardan soyuq havalara yaxud da soyuq havalardan isti havalara keçid vaxtı bu xəstəliklərə daha çox rast gəlinir. Belə ki, istiyə öyrəşərək, daha sonra soyuq havalarda məsələn yayı bitirdikdən sonra artıq payıza keçdikdə insanlar çox vaxt bu isti rejimə öyrəşir və geyim formasını düzgün seçmir. Nəticədə soyuqdəymə baş verə bilir. Orqanizmin ətraf mühitlə uyğunlaşması üçün aşağı temperatura qarşı müəyyən adaptasiya reaksiyaları işə düşür. Damarlar daralır, istiliyin xaricə verilməsi mexanizmləri bloklanır, amma bu uzun müddət davam edə bilməz və nəticədə orqanizmdə soyuqlama baş verir. Yəni istilik tənzimləyici mexanizmlər pozulur. Bu da müxtəlif virusların fəallaşmasına səbəb ola bilir”, – deyə o əlavə edib.
A.Qeybulla bildirib ki, bəzi viruslar yuxarı tənəffüs yollarında parazitlik edən, özünü sakit aparan müxtəlif flora aktivləşir və bu cür qripəbənzər vəziyyət yaranır.
“Biz bunların hamısını eyni cür adlandırırq, lakin bunlar müxtəlif infeksiyalardır. Bunlara ritketsiyalar, odinaviruslar, venevirusları və sair misal göstərmək olar. Bu baxımdan da hər kəs mövsüm dəyişəndə buna diqqət yetirməlidir. Ən çox rast gəlinən xəstəliklər soyuqdəymə xəstəlikləridir. Əlbəttə, mövsüm dəyişəndə müxtəlif qida maddələri ilə bağlı toksik infeksiyalar və sair özünü göstərə bilir. Lakin ən çox gün ərzində temperatura uyğun olaraq, geyim formasına diqqət etmək lazımdır. Xüsusilə də bir yerdə uzun müddət oturarkən hava çəkən yerlərə düşən şəxslər buna fikir verməlidirlər. Bu, daha çox bir növ vərdişlər tələb edir. Bundan başqa, əgər insanlar hər hansı bir kollektivdə soyuqdəymə, qripoz vəziyyətinin yayıldığını hiss etsələr, burada yoluxmamaq üçün maskadan istifadə etmək daha məqsədəuyğundur”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi