Paytaxt yollarını “cəhənnəm”ə çevirən XAOS: Bu “labirint”dən necə çıxmalı? – VİDEOREPORTAJ

“Bakı gündən-günə böyüyür və gözəlləşir”…

Tez-tez eşitdiyimiz bu şablon ifadə ətrafında mübahisə açmağa ehtiyac yoxdur – paytaxtın müsbətə doğru zahiri dəyişikliyi göz qabağındadır. Bununla belə, böyüyən Bakının bir sıra ənənəvi problemləri də eyni templə böyüməkdədir. Onların arasında paytaxt əhalisinin həyatını az qala dözülməz edən, səhər işə, axşam isə evə gedən insanların əsəblərini tarıma çəkən tıxaclar xüsusi diqqət çəkir. Bakıda yolların təmiri, yeni körpülərin və yol ötürücülərinin istifadəyə verilməsi də tıxacları aradan qaldıra bilməyib. Doğrudur, Bakının yüklənməsini nəzərə alsaq, tıxacları haradasa, təbii qarşılamaq olardı. Lakin müşahidələr də təsdiqləyir ki, Bakıdakı tıxaclar əksər hallarda avtomobil sıxlığından deyil, yol hərəkətinin düzgün tənzimlənməməsindən, bəzi sürücülərin məsuliyyətsiz və eqoist idarəetmələrindən yaranır. O tip sürücülər üçün yol-hərəkət qaydaları mövcud deyil, onlar maşınlarını istənilən yerdə, hətta, yolun ikinci zolağında da saxlamaqdan çəkinmirlər. Ardıcıl təkrarlanan bu qayda pozuntuları nəticəsində tıxaclar zəncir kimi uzanır, nəqliyyatın hərəkəti iflic olur.

Yenicag.az olaraq, Bakının həlledilməz probleminə çevrilmiş tıxacların yaranma səbəblərini müəyyənləşdirmək üçün paytaxtın bəzi küçələrində uzunmüddətli müşahidə aparmağa qərar verdik. Günorta saatlarında başladığımız müşahidə nisbətən sakit keçsə də, artıq yollarda “tıxac” üçün ilkin “hazırlıqlar”a başlanmışdı: Yolların hər iki tərəfində, hətta piyada keçid zolaqlarında və avtobus dayanacaqlarının həndəvərində nizamsız park edilmiş avtomobillər tıxacı yetişdirməkdəydi. Bir azdan işini bitirib, özünü tezliklə evə çatdırmağı düşünən insanlar hələ ki, bu mənzərədən xəbərsizdir. Qısa müddətdən sonra, onlar marşrut avtobuslarında və ya şəxsi avtomobillərində addım-addım irəliləməyin növbəti əziyyətini yaşayacaqlar. Yetişən tıxacı müşahidə etdikcə, istər-istəməz sual yaranır: “Axı yollardakı vəziyyət niyə tənzimlənmir?” Dövlət Yol Polisi (DYP) və Bakı Nəqliyyat Agentliyi (BNA) yollarda tədricən yaranan xaosa, niyə vaxtında müdaxilə etmir? Tərslikdən, müşahidə apardığımız ərazilərdə nə DYP, nə də BNA əməkdaşı gözə dəymir. Ətrafda isə nizamsızlıq artır. Fiziki qüsurlu vətəndaşlarımızın əlil arabalarının keçidi üçün müəyyən edilmiş səkilər də qanunsuz park edən sürücülər tərəfindən “zəbt olunub”.

Elə bir vəziyyət yaranıb ki, nizamsız parkinq maşınlar bir yana, piyadaların səki ilə hərəkətini də çətinləşdirib. Uşaq arabasında körpəsini gəzdirən valideyn isə vəziyyətdən çıxmaq üçün xeyli əziyyət çəkməli oldu… BNA əməkdaşları isə hələ də gözə dəymir. Bir anlıq fikirləşirik, onlar gəlib nə edəcəklər ki? Uzaqbaşı intizamsız sürücüləri cərimələyərək, öz işlərini bitmiş sayacaqlar. Belə olduqda isə, bu xoşagəlməz mənzərə sabah, birisigün, növbəti günlərdə yenə təkrarlanacaq… Əlbəttə ki daha təsirli tədbirlər görülməsə…

Firuz Asanov
Pərviz Mustafa