Paytaxta axın edən elektrik mühərrikli avtomobillər: Maşın bazarında qiymət artımı gözlənilir?

“Elektrik mühərrikli avtomobillər ölkəyə gətirilərkən ƏDV və digər rüsumlardan azad edilir, amma onların ehtiyat hissələrinə heç bir güzəşt tətbiq olunmur”.

Bunu elektrik mühərrikli avtomobillərin Azərbaycana axınının maşın bazarına təsirini şərh edərkən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bu növ avtomobillər üçün ölkədə münasib şəraitin yetərincə olmadığını bildirib:

“Dövlət Gömrük Komitəsinin rəqəmlərinə baxanda, elektrik mühərrikli avtomobillərin Azərbaycana axınının gücləndiyini görürük. Amma bu avtomobillər üçün Azərbaycanda normal şərait yoxdur. Onların şarj olunması, ehtiyyat hissələri və digər məsələlər hələ də həllini tapmayıb. Məsələn, vətəndaş bu növ maşın alanda onu ancaq Bakıda idarə edəcəyini düşünür. Amma bu avtomobillə rayonlara çıxanda problem yaranır. Çünki bölgələrdə şarj məntəqələri demək olar ki, yoxdur. Buna görə də maşını ümumi elektrik şəbəkəsinə daxil etməklə problemi həll edirlər. Normalda elektrik yığma gücü 3-5 saat olmalıdırsa, maşın bu vasitə ilə 1 sutkaya yığır”.

Xərcə nisbətdə elektrik mühərrikli avtomobillərin digərlərindən heç də fərqlənmədiyini bildirən Elməddin Muradlı, onlar üçün müvafiq şəraitin yaradılmasının qiymətə təsirsiz ötüşməyəcəyi qənaətindədir:

“Prezident İlham Əliyev tərəfindən 2018-ci il dekabrın 27-də “2019-2023-cü il üzrə dövlət proqramı” təsdiq edilib. Proqramda elektrik mühərrikli avtomobillər üçün münbit şəraitin yaradılması göstərilir. Biz hələ bu şəraiti yarada bilməmişik. Elektrik mühərrikli avtomobillər ölkəyə gətirilərkən ƏDV-dən və digər rüsumlardan azad olunur, amma onların ehtiyat hissələrinə heç bir güzəşt tətbiq olunmur. Buna görə də bu avtomobilləri alan sürücü onun xərcinin borcundan çox olmasını, elektrik doldurmaq üçün şəraitin olmamasını, ehtiyat hissələrinin isə baha olmasını görür. Bu baxımdan elektrik mühərrikli avtomobillər xərcə nisbətdə digərlərindən heç nə ilə fərqlənmir. Amma güzəştlər tətbiq edilərsə və münasib şərait yaradılarsa, digər avtomobillərə nisbətən elektrikli avtomobillərə daha çox üstünlük verilə bilər”.

Sadiq Cavadov