Dayanacağın çirk-pas içində olmasına necəsə dözmək olar, baxmayaraq ki, bu, estetik görüntünü pozmaqla yanaşı, həm də gigiyenik cəhətdən sağlamlığa zərərlidir. Hazırda havaların isti olmasını nəzərə alsaq şüşələrin yerində olmamağının da üstündən keçə bilərik, hansı ki, qış aylarında bu hal sərnişinlər üçün böyük çətinlik yaradır.
Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda bəzi dayanacaqlar təmir edilmədiyindən istifadəyə yararsızdır.
Dayanacaqlarla bağlı digər sıxıntılı hal daha çox ehtiyac olan yerlərdə pavilyonların olmamasıdır. Məsələn, Salyan şossesinin Bibiheybət məscidindən Su İdmanı Sarayına qədərki hissədə çox sayda dayanacaq yerləri təyin edilsə də, heç birində pavilyon quraşdırılmayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, Agentlik şəhər ərazisində ümumulikdə 70, son olaraq 16 yeni pavilyon quraşdırıb. Müəyyən edilən dayanacaq məntəqələrində ehtiyac meyarı nəzərə alınmaqla növbəli şəkildə pavilyonların qoyulması davam etdiriləcək. Dayanacaqların təmizliyi, kənar təsirlər səbəbindən deformasiyaya uğrayanların təmiri və ya dəyişdirilməsi ilə məşğul olan qurum isə Bakı şəhər İcra Hakimiyyəti olub. 2 ay əvvələ qədər.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev mövzü ilə əlaqədar açıqlamasında bildirib: “Bakı şəhərindəki mövcud dayanacaqların idarə olunması ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə 2 aprel tarixində cənab prezidentin imzaladığı fərmana əsasən verilib. Hazırda dayanacaqların təmizlənməsi, xidməti agentlik tərəfindən keçirilmir. Bu müvafiq icra qurumu ilə təhvil-təslim işləri yekinlaşdıqdan sonra tədbirlər həyata keçiriləcək”.
Sərəncamda göstərildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti sözügedən təhvil-təslim prosesini aprelin 2-dən etibarən iki ay müddətində tamamlamalı idi. O müddət başa çatsa da, dayanacaqlar hələ qurumdan quruma keçid dövrünü yaşayır. Amma məlumdur ki, nə bu çirkab, nə də deformasiya 2 aylıq başsızlıq dövrünün məhsulu deyil.