!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda narkomanların metadonla müalicəsi: "Müəssisə şəhərdən kənara köçürülməlidir" - TƏLƏB

!Reklam – Yazi

“Metadonla təminat” müəssisəsi şəhərdən kənar bir yerə köçürülməli və bu strukturun hərbi rejimli qorunma sistemi təmin olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri 1 Saylı Kliniki Tibbi Mərkəzində (Semaşko) narkomanların metadonla müalicəsinə münasibət bildirən tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə metadonla təminat və müalicə tamamilə yanlış bir mexanizmlə qurulub:

“1 saylı Kliniki Tibbi Mərkəzdə qeydiyyatda olan narkomanların “metadonla təminat mərkəzi” yerləşir. Narkomanların bura kütləvi axını da bununla əlaqədardır. Bildirirəm ki, narkomaniya zamanı metadondan palliativ (əvəzedici) terapiya kimi 1959-cu ildən istifadə olunur. Dünyanın 112 ölkəsini əhatə edən bu müalicə proqramına ölkəmiz yaxın keçmişdə qoşulub. ÜST tərəfindən dəstəklənən metadonla müalicə proqramının əsas məqsədi ağır narkotikləri metadonla əvəzləyib, narkomanların reablitasiyasını yaxşılaşdırmaq, kriminal, qeyri-etik, qeyri-əxlaqi davranış, aqressivlik və sui-istifadə halların qarşısını almaqdır. Metadonla müalicəyə yanaşma birmənalı deyil. Çünki metadon BMT-nin narkotik maddələr haqqında vahid konvensiyasına daxil olan narkotik maddələrin 1 saylı siyahısına daxildir. Odur ki, bir çox ölkələrdə metadondan istifadə nəinki qadağan, hətta cinayətdir. Bəzi ölkələr isə metadonla müalicə proqramından artıq imtina edib. Avropa ölkələri, xüsusən, ABŞ-də bu işlə “Metadon poliklinikaları” adlandırılan xüsusi tibb müəssisələri məşğul olur. Bu tibb müəssisələri sahə prinsipi və zaman fərqliliyi ilə fəaliyyət göstərir. Odur ki, xəstələrin kollektiv halında toplaşması və məlum ritualların birgə icrası baş vermir. Bizdə isə metadonla təminat və müalicə tamamilə yanlış bir mexanizmlə qurulub.

Metadonun toksikliyinin yüksək, orqanizmdən xaricolma sürətinin isə zəif olduğunu vurğulayan professor qeyd edib ki, metadon orqanizmdə toplana, ciddi fəsad, zəhərlənmə və ölümə səbəb ola bilər:

“İsveçdə metadon proqramının 9 il müddətində tətbiqi zamanı bu maddəni alan narkomanların 33%-i ölüb, 69%-i isə cinayət əməlini davam etdirib. 2008-ci ildə Böyük Britaniyada metadonla müalicə alan təkcə 16-24 yaş arasında olan narkomanların 27%-i dünyasını dəyişib. Metadondan uzunmüddətli istifadə öyrəşmə, immunitetin kəskin zəifləməsi, ödəm, hepatit, arterial hipertenziya, hətta kardiomiopatiya və sirroza səbəb ola bilər. Metadonla müalicə QİÇS virusunun replikasiyasını sürətləndirir. Virusa yoluxmuş hüceyrə isə metadonun təsiri fonunda daha çox virus hissəciklərini özündən kənarlaşdırmaqla ağırlaşma və ölümü tezləşdirir. Metadonun tozunu iyləmək, kəskin lakrimasiya (gözyaşı), ağciyər toxumasında fibrozun əmələ gəlməsi, sonda isə onkologiyaya səbəb olur.

Ən əsası, “metadonla təminat” ünvanını şəhərimizin bu hissəsinə gətirməklə övladlarımızı hansı uçurum qarşısına qoyduğumuzu hər birimiz, eləcə də bu işə məsul olan şəxslər bilsin. Çünki bu ərazidə 7270 tələbəsi olan Tibb Universitetinin əsas tədris korpusları, orta məktəb, xeyli sayda uşaq bağçaları var. Dəfələrlə qeyd etdiyim kimi, yeniyetmə və gənclik illəri hormonların püsgürən, neyromediator sistemlərin mütləq aktivlik dövrüdür. Bu dövrdə təsir altına düşmək, digərinə bənzəməyə çalışmaq, xüsusən qadağan olunmuş şeylərə meyillilik hakim psixoloji durumdur. Odur ki, bu cür insanların gənclik və yeniyetmələrlə təması nəinki yolverilməz, hətta cinayətdir. “Metadonla təminat” müəssisəsi şəhərdən kənar bir yerə köçürülməli və bu strukturun hərbi rejimli qorunma sistemi təmin olunmalıdır. Əks halda, millətin gələcəyi və hər birimizin ailəsi, övladı və nəsli üçün qaçılmaz faciədir”.

Gülşən Şərif

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv