Paytaxtda parkomatlar ləğv edilir – VİDEO

Bakı Nəqliyyat Agentliyi paytaxtda parklama yerləri və parkomatlarla bağlı yeni layihə hazırlayır.

Yenicag.az ARB-yə istinadən xəbər verir ki, köhnə parkomatların söküləcəyi və əvəzinə yeni sistemin tətbiq olunacağı gözlənilir.

Mütəxəssislər deyirlər ki, parkomatların quraşdırılmasında məqsəd ödənişi elektron müstəvidə aparmaq idi. Bunun üçün bu aparatlar mərkəzi bazaya inteqrasiya olunmalı, dövlət yol polisi isə nəzarət etməli idi. Amma bu sistem tam qurulmadan yeni çətinliklər ortaya çıxdı.

Ekspert Elməddin Muradlı elektron sistem qurmaq üçün parkomatların hamısının ləğv edilməli olduğunu deyib

“Bu günkü gün o aparatlar lazımsız əşyadır. Yəni ona əlavə müdaxilə edərək elektron cihaz yerləşdirib bugünkü qanunun tələbi çərçivəsinə gətirmək qeyri-mümkündür”.

Mütəxəssislər deyir ki, bu pos terminallar mərkəzi bazaya inteqrasiya olunmalıdır. Yalnız bu halda şəffaflığı təmin etmək olar.

Əllərində pos terminalla “çek çıxaranlar” isə heç bir avtomobilin üzərinə çek qoymurlar.

“O cihazlar qanunla Dövlət Yol Polisinin mərkəzi məlumat sisteminə inteqrasiya olunmalıdır. Məlumat olmalıdır ki, bu maşın bu parkomata daxil oldu və bu qədər ödəniş etdi. O ödənişin də müddəti bu qədərdir misal üçün. Ödənişin müddətindən keçən kimi avtomatik olaraq ona elektron protokol tərtib olunmalıdır. O dayanacaqlardakı nəzarətçilərin müdaxiləsi olmadan”, – Elməddin Muradlı qeyd edib.

Şəhərin gələcək parklama planını hazırlayan qurum – “Bakı Nəqliyyat Agentliyi”ndən bildiriblər ki, yaxın vaxtlarda bu sahə ilə bağlı hazırlanan layihə açıqlanacaq. Yeni sistem bu sahədə yaranan problemlərin aradan qaldırılmasına hesablanıb.

 

COP29