“İranın gələcəyi ölkənin əsas qüvvələrinin demokratiya uğrunda mübarizəsinin nəticəsində müəyyənləşəcək”.
Bu fikirləri İranın 1979-cu ildə devrilmiş Pəhləvi sülaləsi təmsilçilərinin ölkədə hakimiyyətə qayıdış cəhdləri fonunda Güney Azərbaycan Milli Hərəkatının vəzifələrini dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Güney Azərbaycanda heç vaxt səngiməyən milli hərəkatın konkret və dəyişməz hədəfi var:
“Öncə bu məsələyə toxunmaq istərdim ki, Qərbdəki müəyyən dairələrin Rza Pəhləvini fəallaşdırmaq və İranda monarxiyanı bərpa etmək planlarının heç bir perspektivi yoxdur. İran cəmiyyəti Pəhləvi rejiminin cinayətlərini unutmayıb və devrilmiş şahın oğlunun ölkədə hakimiyyətə gətirilməsinə imkan verməz.
Rza Pəhləvinin bir sıra nüfuzlu beynəlxalq tədbirlərə dəvət olunmasına və İran müxalifətinin lideri qismində təqdimat cəhdlərinə baxmayaraq, onun ölkədə sosial-siyasi dayaqlarının olmadığı dəqiqdir. O baxımdan, Pəhləvi sülaləsi mənsublarının İranın gələcəyində hər hansı rolu ola bilməz. İranın gələcəyi ölkənin əsas qüvvələrinin demokratiya uğrunda mübarizəsi nəticəsində müəyyənləşəcək.
Güney Azərbaycana gəldikdə, məlumdur ki, oradakı soydaşlarımız bütün dönəmlərində milli mövqeyə əsaslanan siyasi aktivlikləri ilə seçiliblər. Təsadüfi deyil ki, Təbriz İranda baş vermiş bütün inqilabların beşiyi kimi tanınıb.
Güney Azərbaycan Milli Hərəkatının konkret və dəyişməz hədəfi var. Bu ilk növbədə milli-mədəni muxtariyyata nail olmaq, daha sonra isə Quzey Azərbaycanla birləşməkdədir. Bu məqsədə tez-gec nail olunacağına hamımız inanırıq”.
A.Zeynalov