Pənah Hüseyn açıqladığı məxfi protokoldan danışdı: “O məsələlər Məxfi Şöbə tərəfindən tənzimlənirdi”
“Protokoldakı bir sıra məlumatlar və başqa məsələlər hüquqi nöqteyi-nəzərdən məxfi sənədlərin statusuna uyğun deyildi”.
Bu fikirləri Yenicag.az-a mini-müsahibəsində Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü il tarixli iclasının protokolunu “Yeni Müsavat” qəzetində dərc etdirən sabiq baş nazir Pənah Hüseyn deyib.
Pənah Hüseynin protokolunu ictimailəşdirdiyi, mərhum prezident Əbülfəz Elçibəy, eks-spiker İsa Qəmbər, müdafiə naziri Dadaş Rzayev, daxili işlər naziri Abdullah Allahverdiyev, dövlət katibi Əli Kərimli, baş nazirin müavini Vahid Əhmədov və başqa vəzifəli şəxslərin qatıldığı iclasda ölkədə o dövrdə yaranmış hərbi-siyasi vəziyyət müzakirə olunub.
– Əlbəttə, o dövrdə baş nazir olaraq, istənilən məxfi sənədi əldə etməyiniz problem deyildi. Ancaq qanun buna imkan verirdimi?
– Ümumiyyətlə, həmin sənədləri mən imzalayırdım. Ancaq mən o iclasda iştirak etmədiyimə görə həmin sənədin məxfiləşdirilməsi üçün lazım olan rekvizitlər oraya qoyulmamışdı. O baxımdan da, protokoldakı bir sıra məlumatlar və başqa məsələlər hüquqi nöqteyi-nəzərdən məxfi sənədlərin statusuna uyğun deyildi.
– Siz tanış olduqdan sonra həmin protokol məxfi sənəd kimi qrifləndi?
– Orada bu məsələlərlə məşğul olan texniki işçilər vardı. O dövrdə belə məsələlər Məxfi Şöbə tərəfindən Əsasnaməyə uyğun şəkildə tənzimlənirdi.
– Protokolun ictimaiyyətə açıqlanması üçün qoyulmuş məxfilik müddəti bitmişdi?
– Bu, daha çox protokol qeydiyyatı adlandırıla bilər. Çünki məxfi sənədlər və onların məxfiləşdirilməsi üçün zəruri sayılan bir sıra rekvizitləşdirmə məsələləri həyata keçirilməmişdi.
Qeyd: Pənah bəy iclasda olması səbəbindən söhbəti davam etdirə bilmədiyi üçün mövzuya aid digər vacib suallara cavab almaq mümkün olmadı.
A.Zeynalov