Bu il sentyabrında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar müxalif düşərgədən bəzi siyasətçilər deputatlıq mandatı uğrunda mübarizə aparacaqlarını qeyd ediblər.
Müxalifətin siyasi kuluarlarında seçkilərlə bağlı yekun qərarların verildiyi məqamda Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi və keçmiş deputat Pənah Hüseyn də öz növbəsində, builki seçkilərdə iştirak edəcəyini diqqətə çatdırıb.
Yenicag.az-a sabiq deputat özündən başqa daha 7 nəfərin də mübarizəyə qoşulacağını bəyan edib.
“Bu il keçirilən seçkilərdə mən də namizədliyimi verəcəyəm. Bu ayın 2-dən 68 saylı Sabirabad-Şirvan dairəsindən partiyamız namizədliyimi verib. Mən də imza vərəqələrini almışam və hazırda imzalar toplanır.
Partiyamızda məndən başqa 7 nəfər də imza vərəqləri götürüb. Onlar da öz namizədliyini verəcək. Partiyamızın adıçəkilən üzvləri 48 saylı Abşeron birinci, 70 saylı Neftçala, 72 saylı Cəlilabad kənd, 119 saylı Ağdam, 99 saylı Bərdə və digər dairələrdən öz namizədliklərini verəcəklər”.
Rafi Müslümov