“Belə mənasız və səhv ifadələr haqqında, ümumiyyətlə, fikir bildirmək, o məsələni gündəmə gətirmək düzgün deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Leyla Yunusun sosial şəbəkələrdə yayılan son videoçıxışında eks-prezident Əbülfəz Elçibəyi “agent” adlandırmasına münasibət bildirən Pənah Hüseyn deyib.
Sabiq baş nazirin fikrincə, mərhum Əbülfəz Elçibəy haqqında kimlər tərəfindənsə zaman-zaman ortaya atılan iftiraların gündəmə gətirilməsinə ehtiyac yoxdur: “Elçibəy haqqında hədyan danışanlar qələt eləyir. Belə mənasız və səhv ifadələr haqqında, ümumiyyətlə, fikir bildirmək, o məsələni gündəmə gətirmək düzgün deyil”.
Pənah Hüseyn özünü “elçibəyçi” hesab edənlərin bu məsələyə biganə yanaşmasına dair iddialarla da razı deyil: “Bilmirəm, siz kimləri nəzərdə tutursunuz? Elçibəy Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmiş Milli Hərəkatın lideridir. Hələ də yüz minlərlə insan tərəfindən sevilən şəxsiyyətdir, şəxsən mənim də liderimdir. Bundan əlavə, Elçibəy böyük ideoloq, filosof və dövlət adamıdır. Onun adı Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı çəkilir və çəkilməyə də davam edəcək. Elçibəyin doğum və anım günlərində məzarı başında, Müstəqillik və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində “Elçibəy” deyə hayqırıb, şüar səsləndirən gənclərin sevgisi, Elçibəy haqqında boş-boş danışan, ona qarşı hələ də düşmənçilik edənlərə ən gözəl cavabdır”.
Firuz Asanov