!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pənah Hüseynin "islahatlara dəstək" təşəbbüsü - Müxalifət yenə ikiyə bölündü

!Reklam – Yazi

Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin təşəbbüsü ilə bir qrup siyasi partiya Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirəcək.

Məlumata görə, tədbirin adı “Köklü islahatlarla dəyişikliyə doğru” olacaq.

Hazırlanmış layihə AXP, AMİP və BAP tərəfindən müzakirəyə çıxarılacaq.

Adıçəkilən siyasi partiyaların bu təşəbbüsə dəstək verməsinə baxmayaraq, tədbirin mənasız olduğunu düşünənlər də var.

Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Demokrat Partiyası (ADP) bu toplantıya qatılmayan siyasi təşkilatlardandır. Ağ Partiya isə toplantıya qatılacağını bəyan edib. VİP, ADP və AĞ Partiya sədrləri məsələ ilə bağlı Yenicag.az-a açıqlama veriblər.

VİP sədri Əli Əliyev bildirib ki, toplantıda iştirak etmək ehtimalları aşağıdır:

“Pənah Hüseynlə bu mövzuda debatda olmuşam. Pənah Hüseyn inanır ki, ölkədə islahatlar keçirilir. Köklü islahatların anonsunu hakimiyyət verməlidir, çünki bu imkanlara hakim partiya olaraq Yeni Azərbaycan Partiyası (YAP) malikdir. Müxalifətdən belə bir təşəbbüsün gəlməsi, canfəşanlığın olması, səthi məntiqlə izah oluna bilməz. İnanmıram ki, Pənah Hüseyn kimi təcrübəli bir siyasətçi hadisələrin nə yerdə olduğundan məlumatsız olsun. Bu təşəbbüs ehtimal olunan növbədənkənar parlament seçkiləri ilə də bağlı ola bilər. Yeri gəlmişkən Pənah Hüseyn bu təşəbbüsü tək verməyib, daha iki partiya da bu təşəbbüsü dəstəkləyir. Onlar ölkədə real vəziyyətin nə olduğunu görürlər. Açıq şəkildə demişəm ki, əgər bu təşəbbüs hakimiyyətdən gələrdisə, təbii ki, ona cavab vermək də yerinə düşərdi. Hakimiyyət ola bilər nəyisə dəyişmək istəyir, bu məsələdə özü təşəbbüs göstərmək istəmir, amma sabah ola biləcək hansısa nəticələrə görə isə, məsuliyyəti bu təşəbbüsə qoşulanların üzərinə qoymaq imkanı əldə edir. Bunu unutmaq olmaz”.

Sonda toplantıya dəvət almadığını deyən, Əli Əliyev ora getmək ehtimalının çox aşağı olduğunu vurğulayıb.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, partiya olaraq bu toplantıda iştirak etməyəcəklər:

“Ölkəyə köklü islahatlar lazımdır. Ancaq gəlin baxaq, görək bu gün iqtidar köklü islahat həyata keçirmək istəyirmi? Beynalxalq şərtlər buna imkan verirmi? Köklü dəyişikliklər həyata keçirmək üçün ölkənin resusları varmı? Müxalifət bu köklü dəyişikliklərə siyasi, təşkilatı olaraq hazırdırmı? Beynəlxalq ictimaiyyət Azərbaycandan belə bir köklü dəyişiklik tələb edirmi? Bu suallara cavab tapmadan, ölçmədən-biçmədən, ölkədə köklü dəyişikliklər tələb etmək siyasi cəhətdən uğurlu bir addım deyil. Dünya təcrübəsi göstərir ki, ölkələrdə köklü dəyişiklik olanda təkcə hakimiyyətlər dəyişmir, bəzən dövlət strukturları da dəyişir. Bəzən sərhədlər dəyişir, başqa çox ciddi problemlər ortaya çıxır. Məncə nəzəri olaraq nəyisə təklif etmək, praktiki siyasətçilər üçün bir o qədər də düzgün mövqe nümayişi deyil. Elmdə 2×2=4 edir, ancaq siyasətdə bunun 4 etməsi üçün vaxt və şarait lazımdır. Düşünmürəm ki, bu gün ölkədə köklü islahatlar aparmaq üçün möhkəm zəmin, yaxşı şərait var”.

Pənah Hüseynin təklifinə gəlincə isə, Sərdar Cəlaloğlu qeyd edib ki, siyasi partiyaların çoxu bu təklifə qoşulmur:

“Əgər bir ölkədə siyasi müxalifətin böyük bir hissəsi bu təklifin arxasında dayanmırsa, iqtidar da bu təşəbbüsə qoşulmursa, bu nə dərəcədə siyasi gündəm, real və düzgün seçilmiş mövzu ola bilər? Bu təşəbbüsə “Müsavat Partiyasi” qoşulmur, AXCP qoşulmur, biz qoşulmuruq, onda bu islahatları kim keçirir və bu kimin tələbidir? Siyasətdə təkliflə tələb arasında bir əlaqə olmalıdır. Müxalifətin böyük hissəsinin dəstəkləmədiyi, iqtidarın iştirak etməyəcəyi tədbir o qrupun düşündüyü hədəflər üçün nəzərdə tutulub. Bütün hallarda qoşulanlara uğur arzulayıram”, – deyə ADP sədri vurğulayıb.

“Ağ Partiya”nın sədri Tural Abbaslı isə toplantıda iştirak edəcəklərini bəyan edib və fikirini bu cür əsaslandırıb:

“Keçiriləcək toplantı məlum görüşlərdəki söhbətlərin yekunudur. Görüş təkcə müxalifət partiyalarının yox, qeydiyyatdan keçmiş partiyaların dəyirmi masası kimi nəzərdə tutulub. Bizə bu barədə məlumat verdilər və biz də orada iştirak edib, öz fikirlərimizi deyəcəyimizi bildirdik. Sözün düzü bu toplantıda qeyri-adi heç nə görmürəm. Cəmiyyət o qədər qütbləşib, iqtidar-müxalifət münasibətlərini elə bir düşmənçilik həddinə çatdırmışıq ki, nəinki iqtidarla, hətta iqtidara loyal olan partiyalarla da problemləri müzakirə edəndə, neqativ rəylər yaranır. Demokratiya, korrupsiya, mətbuat azadlığı ölkənin ümumi problemidir. Bu toplantıda heç bir problem görmürük. Ona görə də, orada iştirak edəcəyik və partiya olaraq öz mövqeyimizi ortaya qoyacağıq. Siyasilərin işi onsuz da danışmaq, görüşmək, müzakirə etməkdir. Ona görə də, müzakirələrin tərəfdarıyıq. Artıq ölkədə dialoq mədəniyyəti formalaşmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

4169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv