Pensiya və sosial müavinətləri artanların sayı AÇIQLANDI

2020-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.

Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında aparılmış hesablamalara görə ölkədə minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti üzrə beynəlxalq dollarla qiymətləndirilmiş məbləği MDB məkanında ən yüksək göstəricidir.

İlkin məlumatlara əsasən 2020-ci ilin əvvəlinə 400,4 min nəfər sosial müavinət, 295,7 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2019-cu il ərzində birdəfəlik müavinət alanların sayı 89,3 min nəfər olub.

COP29