Pensiya yaşını artırmaq çıxış yolu deyil

pensiaAzərbaycan hökuməti pensiya yaşı və pensiya almaq hüququ verən iş stajının müddətini artırmağa hazırlaşır. Son bir neçə ildə dəfələrlə gündəmə gələn bu məsələ böyük ehtimalla, 2017-ci ilin sonunadək qərar halına gətiriləcək: dövlət büdcəsinin gəlirləri getdikcə azalır, pensiya ödənişləri üçün tələb olunan vəsait isə artır. Bu şəraitdə hökumət pensiya xərcləri ilə bağlı büdcənin yükünü ən azı artmağa qoymamağın tək yolunu bunda görür.

Pensiya yaşı və stajın artırılacağına dair son açıqlamaları Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib. Onun dediklərindən aydın olur ki, artım ilk öncə dövlət qulluqçularından başlayacaq: “Bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil. Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib”.

İlk olaraq qeyd edim ki, H.Rəcəblinin dediyi xarici təcrübə bütün əksər islahat istiqamətlərində olduğu kimi, Rusiyanın təcrübəsidir. Məlum olduğu kimi, Rusiya prezidentinin bu ilin mayında imzaladığı sərəncamla dövlət qulluğunda çalışanların pensiya yaşı və pensiyaya çıxmaq hüququ verən staj 2017-ci ilin yanvarından artırılır. Pensiya qanunvericiliyinə edilən dəyişikliyə əsasən hər 6 aydan bir artırılmaqla dövlət qulluqçusu olan kişilərin pensiya yaşı indiki 60 yaşdan 65 yaşa, qadınlarınkı indiki 55 yaşdan 63 yaşa qaldırılacaq. 2026-cı ilədək həmçinin mərhələlərlə dövlət qulluqçularına pensiyaya çıxmaq hüququ verəcək staj da indiki 15 ildən 20 ilə qaldırılacaq.

Göründüyü kimi, bir çox hallarda bütöv qanunları Rusiyadan köçürməyə alışmış məmurlarımız yenə Rusiyanın addımlarını təkrarlamaq niyyətindədilər.

Dünyada pensiya yaşını niyə artırırlar?

Bu cür addımları əsaslandırmaq üçün hamının istinad etdiyi Avropa təcrübəsinə nəzər yetirdikdə görürük ki, Birlik ölkələrində pensiya yaşının, stajın artımına daha çox demoqrafik problemlər üzündən gedirlər. Belə ki, Avropa ölkələrinin çoxu təbii artım səviyyəsinin kəskin azalması, əhalinin yaşlanması kimi problemlə üzləşməkdədir.Hətta son illərdə bir sıra Avropa ölkələrində təbii artım sıfırdır.

Avropa Komissiyasının 2060-cı ilədək demoqrafik tendensiyalar və onların dövlət xərclərinə mümkün təsirlərinə dair proqnozları təxminən belədir: doğum səviyyəsinin daha da aşağı düşməsi, ömür uzunluğunun və pensiyaçıların sayının artması. İnkişaf etmiş Birlik ölkələrində ümumilikdə əhali artımı gözlənilsə də, Baltikyanı ölkələrdə bu sahədə mənfi tendensiyalar daha çox proqnozlaşdırılır.

Proqnozlara görə, 2060-cı ilədək Avropa Birliyi əhalisinin sayı cəmi 3 faiz artaraq indiki 507 milyon nəfərdən 523 milyon nəfərə çatacaq. Bu zaman Şərqi Avropanın Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan və Baltikyanı dövlətlərdə əhali sayının azalması baş verəcək.

Avropanın kişi əhalisinin orta ömrü indiki 77,6 yaşdan 84 yaşa, qadınlarınkı isə 83,1 yaşdan 89,1 yaşa çatacaq. Bu şəraitdə Birlik daxilində pensiya yaşına çatanların payı ümumi əhalinin tərkibində artacaq, 65 yaş və ondan yuxarı şəxslərin hər birinə indiki 4 nəfər əvəzinə 2060-cı ildə cəmi 2 nəfər işləyən düşəcək. Bütövlükdə qeyd olunan dövrə AB -nin əmək qabiliyyətli əhalisi(20-60 yaşlı) indiki 61 faizdən 51 faizə, say baxımından isə 211 milyon nəfərdən 202 milyon nəfərə düşəcək. Yaşı 65-dən yuxarı olanlar indiki 18 faizdən 28 faizə qədər artacaqlar. Yaşı 80 və ondan yuxarı olanların Birlik əhalisinin tərkibindəki 5 faizlik payı isə 12 faizə yüksələcək. Bu, dövlət büdcələri üçün ciddi çətinliklər yaradacaq. Demoqrafların hesablamalarına görə, yaşlı əhalinin saxlanması xərclərinin ümumi Avropa büdcəsində payı 2060-cı ilə 1,5 faiz artacaq. Bu rəqəm ən çox Almaniyada yüksələcək – ÜDM-in 5 faizinə qədər.

Qeyd edim ki, 1-2 il əvvələdək Avropa Birliyi yaşlanma probleminin əsas həll yolunu imiqrasiyanı stimullaşdırmaqda görürdüsə, indi bu sahədə ciddi problemlər yaşanmağa başlayıb. Yaxın və Orta Şərqdəm Avropaya kütləvi axının başlanması, imiqrasiya qanunvericiliyini sərtləşdirilməsi ilə sonuclanıb. Bu şəraitdə Birlik ölkələri pensiya xərclərinin büdcəyə getdikcə artan təzyiqini yumşaltmaq üçün pensiya yaşını artırmaqdan başqa yol tapmırlar.

Belə ki, Litvada 2012-ci ilin yanvarından hər il kişilər üçün pensiya yaşı 2 ay, qadınlar üçünsə 4 ay artır. Bu artım hər iki cinsin pensiya yaşı 65-ə çatanadək davam edəcək.

Latviyada artım 2014-cü ildən başlayıb, hər il 3 ay artırılmaqla 2025-ci ildə 65-ə çatdırılacaq.

Polşada hər iki cins üçün pensiya yaşı olaraq 67 həfələnib – kişilərdə bu yaşa 2020-ci, qadınlarda isə 2040-cı ildə nail olunacaq.

Böyük Britaniyada qadınların pensiya yaşı 2018-ci ildə kişilərə – 65 yaşa çatdırılacaq. 2046-cı ilədək isə hər iki cins üzrə pensiya yaşının 68-ə qaldırılması nəzərdə tutulur.

Almaniyada da 2029-cu ildə hər iki cins üçün pensiya yaşının 67-yə çatdırılması planlaşdırılır.

MDB ölkələrindən Belarusda da gələn ildən pensiya yaşının artırılmasına başlanması nəzərdə tutulur: kişilər üçün indiki 60 yaşdan 63 yaşa, qadınlar üçünsə 55 yaşdan 58 yaşa. Bu proses 2023-cü ildə tamamlanmalıdır.

Ukraynada 2012-ci ildən başlayaraq qadınların pensiya yaşı hər il 6 ay artırılır – məqsəd 2021-ci ildə onu kişilərlə(60 yaş) bərabərləşdirməkdir.
Qazaxıstan isə 2018-ci ildən başlayaraq qadınların pensiya yaşını artırmağa başlayacaq – 2027-ci ildə qadınlar da kişilər kimi 63 yaşda pensiyaya çıxacaqlar – hazırda qadınların pensiya yaşı 57-dir.

Hazırda Avropada ən yüksək pensiya yaşı Danimarkada (həm kişilər, həm qadınlar üçün 69 yaş),Albaniyada(kişilər 69,5, qadınlar 64,5 yaş), İtaliyada (kişilər üçün 68, qadınlar üçün 63,5 yaş), Almaniya, Norveç və İslandiyadadır(hər iki cins üçün 67 yaş). Qalan Avropa ölkələrində pensiya yaşı kişilər üçün 61-65, qadınlar üçünsə 60-65 yaş aralığında dəyişir. Ən aşağı pensiya yaşı Fransadadır – hər iki cins üçün 60 yaş.

Azərbaycanda vəziyyət…

Azərbaycanda 2015-ci ilin sonuna əmək qabiliyyətli(2016-ci ilin əvvəlinə- kişilər 15-62, qadınlar 15-59 yaşda əmək qabiliyyətli hesab olunub – D.S) yaşda olan əhalinin sayı 6 milyon 667 min nəfər olub ki, bu da cəmi əhalinin 69 faizə yaxını deməkdir.Cəmi 6,2 faiz əhalinin yaşı 65 və ondan yuxarıdır – 597,3 min nəfər. Ölkədə təbii artım əmsalı azalsa da, orta Avropa göstəricisindən çox yuxarıdır – ötən il təbii artım 111513 nəfər– 10,5 faizə yaxın olub.

Ölkə üzrə pensiyaçıların sayı 1,3 milyon nəfərdən yuxarıdır ki, bunun da 60 faizdən çoxu yaşa görə pensiya alanlardır. Təcrübə göstərir ki, ölkədə hər pensiyaçıya 3 işləyən düşürsə, dövlət pensiya xərclərini qarşılamaqda çətinlik çəkmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2016-cı il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1513,7 min nəfər olub ki, onlardan 888,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 625,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yəni hər pensiyaçıya 1 faizdən bir qədər çox muzdla işləyən düşür. Muzdla işləyənlər ölkənin əmək qabiliyyətli əhalisinin dörddə birindən də azını təşkil edir. Buna görədir ki, ölkədə pensiya xərclərinin 61 faizdən yuxarısı dövlət büdcəsindən ayırmalarla qarşılanır. Bu şəraitdə aydın məsələdir ki, ildən-ilə artan pensiya xərclərini qarşılamaq azalan büdcə üçün ağır yükə çevrilir.

Hökumət isə yükün bir hissəsini yenə sadə vətəndaşların üzərinə qoymaq istəyir – pensiya yaşını və stajı artırmağı planlayır. Halbuki planlama əmək qabiliyyətli əhalinin getdikcə daha çox hissəsini işlə təmin etmək, daha çox insanın çalışması, rəsmi əmək haqqı alaraq sosial ayırmalar etməsi istiqamətində aparılmalı, təcili tədbirlər görülməlidir. Bunlar edilməsə, yaşı artırmaqla çox qısamüddətli – uzağı 1-2 illik dövr üçün tənəffüs əldə olunacaq – ondan sonra yenidən yaşa görə pensiyaya çıxanların sayı artmağa başlayacaq.

Bəs onda çıxış yolunu nədə görəcəklər?

Dünya SAKİT
Yenicag.Az

COP29