Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.
Yenicag.az xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.
Bundan başqa, 2022-ci il üzrə pensiyaçılara verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bərabər bölünərək onlara verilməsi nəzərdə tutulub.
Həmin maddi yardımın birinci rübə düşən ilk hissəsi (50 manat) də fevral ayının pensiyasına əlavə olunaraq verilib.
Güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin və ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları da bu ay müvafiq qrafik üzrə ödəniləcək.