Pərviz Həşimlidən həbsdəki MTN generalına CAVAB

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2013-cü ildə həbs edilmiş jurnalist Pərviz Həşimli hazırda həbsdə olan MTN generalı Elçin Quliyevin onunla bağlı iddialarına cavab verib.

Qeyd edək ki, Elçin Quliyevlə eyni həbsxanada cəza çəkən keçmiş siyasi məhbus Rüfət Səfərov öz xatirələrində MTN generalının ona guya bir sıra vəzifəli şəxslərin Pərviz Həşimli vasitəsi ilə müxalifətə pul ötürdüklərini iddia edib.

Pərviz Həşimli isə öz Facebook hesabında Elçin Quliyevin bu iddiaları barədə qeydlər paylaşıb.

Həmin qeydləri təqdim edirik:

Dostum Rüfət, onunla birgə 9-cü “zon”da saxlanılan MTN -nin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevlə xatirələrini yazır. Dostum yazır ki, Elçin Quliyev məni şərlədərək, həbsə atmasına haqq qazandırıb. Təbii ki, onun dedikləri ittiham olunduğum 7 ədəd siqnal tipli “Makarov” silahları barəsində olmayıb.

İddia edib ki, guya, mən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin rəis müavini işləyən general Əli Nağıyev, onun qardaşı Vəli Nağıyev və millət vəkili Cavid Qurbanovla müxalifət lideri Əli Kərimli arasında vasitəçilik etmişəm və onların verdikləri pulu çatdırmışam.
Söhbət isə ondan başlanıb ki, Rüfəti ziyarətə gedərkən, Elçin Quliyevlə üz-üzə gəlib, həbs həyatının necə olduğunu onun gözlərindən oxumaq istəmişəm.

Axı, Elçin Quliyev o adam idi ki, “səni Ruslan Bəşirli kimi son ilinə qədər qoymayacağam, çıxasan” deyirdi.
Mən ona “bir gün qanun yaxanızdan yapışacaq” deyəndə kreslosundan durub, mənə yaxınlaşaraq,əlini çiynimə qoydu və “bu ölkədə həbs edən də, azad edən də bizik” deyə məğrur görkəmi aldı.

Elçin Quliyevin bu iddiasına hələ Eldar Mahmudovun “kəsdiyi başa sorğu olmayanda” məhkəmələrimdə cavab vermişəm. Əslində bu bir iddia, yaxud da hansısa əməliyyat məlumatına əsaslanaraq həyata keçirilən həbs deyildi.

Mahmudovun adıçəkilən şəxslərə qarşı uzun illərə söykənən düşmənçiliyindən doğan bir məsələ idi. Mən şərti imzalarla MTN -nin qanunsuz əməlləri haqqında bir neçə yazılarım olmuşdu. Eldar Mahmudova daha çox toxunan yazım isə 2011-ci ildə Azadlıq qəzetində “Anti- Terror, yoxsa, Terror Mərkəzi” başlıqlı yazı idi. 2013-cü ildə həbs olunanda bu və digər yazılarım Elçin Quliyevin masası üzərində idi.

MTN -nin məni şərləyəcəyinə dair əvvəlcədən də məlumatlandırılmışdım. Çünki, Eldar Mahmudov 2011-ci ilin sonundan bu planı işə salmışdı.
Həbsimdən bir neçə ay əvvəl İsveçdə idim. O zaman yaxınlarım mənə bildirdi ki, real həbs təhlükəsi varsa, seçkilərdən sonra ölkəyə qayıt.
Düşündüm, hesab etdim ki, Eldar Mahmudov öz yalanını həqiqətə çevirmək üçün İlham Əliyevə “filankəslər Pərvizi ölkədən çıxardı” deyə raport yazacaq.

Həbsimi gözə aldım və gəldim. Həbsimdən 1 ay öncə ABŞ səfiri Riçard Morninqstara və Britaniya səfiri İrfan Siddiqə şərləyəcəyimi amma ittihamların nə olacağını bilmədiyimi çatdırdım. Gözlədiyim həbs baş tutdu. Həmin gecəni Eldar Mahmudov başda olmaqla nazirliyin bütün rəhbər heyəti işdə qaldı.

“Spesnaz” da yeni həbslər həyata keçirmək üçün hazırlıq vəziyyətində idi. Səhərə qədər məni Elçin Quliyevin iş otağında dilə tutdular.
Bir milyonun müqabilində onların yazdıqları ifadələri imzalayıram, bir müddət ölkə kənarında yaşayıram.
Başqasına şər atmağın imkansız olduğunu bunlara deyəndə nazirin adından 2015-ci il parlament seçkilərində mandatla şirnikləndirilirəm.
Razılaşmadım və onları özümün intiharıyla hədələdim.

Başqalarına şər atmayacağıma əmin olduqlarından səhər 07.30 radələrində Elçin Quliyev otağından “Spesnaz”ın komandirini yığıb, “odboy” dedi.
Sonrakı günlər də işgəncə, təzyiq altında eyni tələblər davam etdi.

Hər dəfə keçmiş maliyyə naziri Fikrət Yusifovun Fərhad Əliyevlə, Əli İnsanovun üzünə durmasını mənə xatırladan Elçin Quliyev sabiq nazirdən artıq adam olmadığımı deyirdi.
Təbii ki, bu məkrli planları baş tutmadı.

Sonradan eşitdim ki, ölkə başçısı da “pul daşıyırdısa, əlində tutardın” deyə Eldar Mahmudovu danlamışdı.
Və Nəhayət, bilməyənlər üçün deyim ki, Eldar Mahmudov Nağıyev qardaşlarını “vurmaq” üçün nazir olduğu ayrı-ayrı dönəmlərdə 6-7 adam həbs etmişdi.

P.S. Əli Nağıyev DTX rəisi gələndə mənə qarşı saxta cinayət işininin istintaqını aparan müstəntiq Elşən Murtuzovu qovmadı.
Bu, Nağıyevin məhz bu məsələdə təmiz olmasına dair bir həqiqət idi. Onu qorumuşdumsa, məntiqlə o da mənim qisasımı almalı idi. Sadəcə olaraq, adama məndən tələb olunan böhtanı atmadım./Gununsesi.org/