Pərviz Şahbazov amerikalı səfirlə görüşüb

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ səfiri Robert Sekutanı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.

Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib. Energetika naziri səfiri Azərbaycanda diplomatik fəaliyyəti dövründə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfəni bir daha vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.