Peşə təhsili üzrə səriştələrin tanınması qaydaları açıqlandı

Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesinin hansı formada həyata keçiriləcəyini açıqlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı deyib ki, səriştələrin tanınması prosesinin iki hissədən ibarət olması nəzərdə tutulub: “Prosesin bir hissəsini yazılı, yaxud digər formada keçirilən proses kimi, digər hissəsini praktik formada həyata keçirilən imtahan kimi görürük. Nəzəri hissə testlə keçirilə bilər. Prosesin praktik hissəsində imtahan götürəcək şəxslərin həmin sahə üzrə mütəxəssis olması vacibdir. Buna görə də ekspertlərin müəssisələri təmsil edən şəxslərdən ibarət olmasına üstünlük veririk. Qiymətləndirilmə üçün infrastrukturun olması da vacibdir. Eyni zamanda, sertifikatlaşmanın keçiriləcəyi müəssisələr də müəyyənləşməlidir”.

M.Bayramlı qeyd edib ki, səriştələrin tanınması prosesini idarə edəcək Sertifikatlaşdırma Mərkəzinin qurulması nəzərdə tutulub: “Sertifikatlaşma Mərkəzi səriştələrin tanınması üzrə bütün normativ sənədləri hazırlayan, bütün prosesləri təşkil edəcək qurum olacaq. Hazırda mərkəzin hansı formada qurulması üzrə danışıqlar aparılır. Yaxın gələcəkdə mərkəzin normativ hüquqi bazasının formalaşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur”.

Şöbə müdirinin sözlərinə görə, səriştələrin tanınması prosesinin məntiqi nəticəsi olaraq, veriləcək sənədlər işə qəbul zamanı tanınacaq: “Səriştələrin tanınması prosesinin həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsi şifahi olaraq yoxlanılacaq. İlkin prosesindən sonra imtahan mərhələsi gəlir. Bu mərhələ yazılı və praktik olmalıdır. İmtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli nəticə göstərən şəxs dövlət nümunəli sənəd əldə edəcək. İmtahanda aşağı nəticə göstərən şəxsin təlimlərə cəlbi nəzərdə tutulur. Şikayətləri olan şəxslər üçün apelyasiya şikayətinin verilməsi imkanın da yaradılması nəzərdə tutulub”.

COP29