Peşə təhsilinə YENİ NƏFƏS: “Hər kəsin universitetdə təhsil almaq məcburiyyəti yoxdur” – Adil Vəliyev

“Müxətlif peşələr üzrə mövcud olan müəyyən çatışmazlıqların aradan qaldırılması üçün ixtisaslı kadrlara ehtiyac var”.

Bunu təhsil naziri Emin Əmrullayevin bu il peşə məktəblərinə qəbul olunanların sayının 27 faiz artması və yaxın gələcəkdə həmin məktəblərin sayının 50-yə çatdırılmasının planlaşdırılması ilə bağlı fikirlərinə münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, mövcud şəraitdə istənilən peşə sahəsində savadlı kadrların yetişdirilməsi vacibdir. Çünki müxətlif peşələr üzrə mövcud olan müəyyən çatışmazlıqların aradan qaldırılması üçün ixtisaslı kadrlara ehtiyac var:

“Əslində, hər kəsin mütləq universitet oxuması ilə bağlı hər hansısa qayda və məcburiyyət yoxdur. Düzdür, hər valideyn övladının ali təhsilli olmasını istəyir.

Son illər dövlət tərəfindən peşə təhsilinə göstərilən diqqət vətəndaşların da marağına səbəb olub. Peşə məktəblərinin ASAN Xidmət və digər müəssisələrlə birgə əməkdaşlıq etməsi uğurlu addımdır.

Bununla yanaşı, yeni yaradılan ixtisaslar arasında sənaye və innovasiya, informasiya texnologiyaları, turizm və aqrar sahələrə yer verilməsi perspektvlidir. Qeyd edim ki, peşə təhsilində də dövlət sifarişli və ödənişli təhsil almaq imkanları mümkündür”.

Gülşən Şərif