Pezeşkian niyə Moskvaya GETDİ? – “Rusiyanın İrana ehtiyacı var”

“Bu, Rusiya və İranı ən çox narahat edən məsələdir. Çünki Tehran, həmin dəhlizə Kremlin nəzarət etməsinə əsas maneədir”.

Bunu Yenicag.az-a İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfərinin Cənubi Qafqaz üçün hansı prosesləri ehtiva etdiyi barədə fikirlərini səsləndirən politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, İranla Rusiya arasında müzakirə olunacaq kifayət qədər məsələ var:

“Bu gün Rusiyanın ən yaxın müttəfiqlərindən biri İrandır. İlk növbədə, onlar strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağı planlaşdırırlar. Uzun müddətdir buna hazırlıq gedir. Ancaq elə sənədsiz də onlar strateji tərəfdaş kimi hərəkət edirlər. İki ölkə arasında hansı məsələlərin müzakirə oluna biləcəyinə gəldikdə isə ilk növbədə, Rusiyanı narahat edən Ukrayna müharibəsi və İranın ona dəstəyinin davam etdirilməsi gündəmdədir. Xüsusilə mərmilərlə bağlı Rusiyanın təbii olaraq İrana ehtiyacı var”.

A. Səmədova görə, ikinci müzakirə oluna biləcək məsələ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlıdır:

“Məlumdur ki, İran ərazisində çəkilən dəmir yolu xətti hələ də bitməyib. Bu da mühüm nəqliyyat dəhlizinin fəaliyyətinə mənfi təsir göstərir. Rusiya İranla birgə Rəşt-Astara dəmir yolunun çəkilməsində də iştirak edir. Yəqin ki, işlərin gedişi barədə fikir mübadiləsi aparılacaq. Eyni zamanda, əsas məqamlardan biri olan Zəngəzur dəhlizi məsələsi də danışılacaq. Bu, Rusiya və İranı ən çox narahat edən məsələdir. Çünki Tehran həmin dəhlizə Kremlin nəzarət etməsinə əsas maneədir. Əlavə olaraq, Avropa İttifaqının müşahidəçilərinin müddəti fevralın 19-u bitir. Rusiya onların Ermənistanı tərk edib getməsində maraqlıdır. İran isə bu məsələlərdə çox maraqlı susqunluq nümayiş etdirir. Yəqin ki, Rusiya bu məsələni qabardıb İranın dəstək verməsini istəyəcək”.

“Suriya da müzakirə olunacaq məsələlər siyahısındadır. Tərəflər uğradıqları məğlubiyyətdən sözsüz ki, danışarlar. Həmçinin İsrail-HƏMAS razılaşmasını da unutmaq olmaz. Bir sözlə, müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur. Təəssüf doğuran məqam isə bizim çox məmnuniyyətlə qarşıladığımız, prezident seçilməyinə sevindiyimiz türk qardaşımızın hələ də Azərbaycana gəlməməsidir. Nə zaman gələcəyi isə məlum deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli