!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pia.az 10 yaşını qeyd edir

!Reklam – Yazi

“Poliqon” İnformasiya Agentliyinin yaşamağı, eyni zamanda, Şahin Ağabəylinin yaşamağı deməkdir”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində iyulun 10-da fəaliyyətə başlamasının 10-cu ilini qeyd edən, əsası mərhum jurnalist Şahin Ağabəyli tərəfindən qoyulan “Poliqon” İnformasiya Agentliyinin (PİA) baş redaktoru Azər Qaramanlı deyib.

– Azər bəy, öncə saytınızın 10 illiyini təbrik edirik!

– Təşəkkür edirəm!

– Pia.az-ın keçdiyi 10 il haqqında nə deyə bilərsiniz?

– Bütün mətbu orqanlar kimi biz də yol qət eləmişik. Pia.az Azərbayanda yaranan ilk saytlardan biri olub. Saytdan əvvəl “Milli yol” qəzeti kimi fəaliyyət göstərmişik. Bu illər ərzində daha çox oxucularımızın ictimai, siyasi, sosial mövzularda marağını təmin etməyə çalışmışıq. Lakin heç vaxt reytinq arxasınca qaçmağa cəhd etməmişik. Reklam arxasınca qaçmamışıq. Təmkinlə öz işimizi görmüşük. Çalışmışıq problemi olan, ədalətsizliyə məruz qalan insanların səsini çatdıraq. Bir media orqanı olaraq, nə qədər uğurlu, yaxud da uğursuz fəaliyyət göstərdiyimizə oxucular qiymət verə bilər. Mətbuatdakı mövcud rəqabət şəraitində yaşaya bilməyimiz onu göstərir ki, doğru yol tutmuşuq.

– Azərbaycanda saytların sayı yetərincə çoxdur. Ancaq hər il bir neçə sayt fəaliyyətə başlasa da, bir müddət sonra müxtəlif səbəblərdən sıradan çıxır. Bu on ildə ayaqda qalmağı necə bacarmısız?

– Öz gücümüzlə dayanmışıq. Bəzilərindən fərqli olaraq, bizim sponsorumuz olmayıb. Azərbaycanda sponsorla iş görmək dəbdə olan bir şeydir. Bizim nə arxamız, nə də dayağımız yoxdur, olmayıb da. Bu günə qədər öz gücümüzlə gəlmişik. Dönüb arxaya baxanda, heç özüm də inana bilmirəm ki, bu qədər çətinliklərə rəğmən, bu yerə gəlib çatmışıq. Saytı saxladıq, kollektivi qoruduq. Əsas odur ki, çox səmimi kollektiv formalaşdırdıq. Məncə, bu, ən böyük uğurumuzdur. Bütün uğurlara görə kollektivə təşəkkürümü bildirirəm.

– Rəhmətlik Şahin Ağabəyli qurdu, siz də davam etdirirsiniz… Məsuliyyət nə qədərdir?

– Məsuliyyət çox böyükdür. “Milli Yol” qəzetinin çapını davam etdirə bilmədim. Şahindən qalan nəyisə saxlamaq həm də Şahinin yaşamağı demək idi. Bu gün “Poliqon” İnformasiya Agentliyinin yaşamağı, eyni zamanda, Şahin Ağabəylinin yaşamağı deməkdir. Bu məsuliyyəti hər dəqiqə hiss etmişəm, bundan sonra da belə olacaq.

– Mətbuatın indiki durumu haqda nə deyə bilərsiniz?

– 10 il bundan əvvəl qəzet bumunun sonu yaşanırdı. Çox sayda qəzet tədricən sıradan çıxdı, bazar məhdudlaşdı. Hazırda isə sayt bumunun sonu yaxınlaşır. Mətbuat olaraq, 10 il əvvəlki nöqtəyə qayıtmışıq. Reklam bazarından danışmayaq, çünki yoxdur. Məncə, Azərbaycan mətbuatı hazırda kiçilmə dönəmini yaşayır. Bu dönəm ən azı 2 il davam edəcək. Enmə-qalxma hər sahədə olur, mətbuat da indi o mərhələdədir. Hesab edirəm ki, 2-3 ilə təkrar yüksəliş dönəmi başlayacaq. Azərbaycan mətbuatının problemləri həddindən artıq çoxdur. Bunu saymaqla bitməz. Azərbaycanda hətta, dövlət qayğısı altında olan mətbuatın da maddi bazası zəifdir. Reklam bazarının olmaması mətbuatın qarşısında duran ən böyük əngəllərdən biridir. Hesab etmirəm ki, bu əngəl asan bir şəkildə ortadan qalxmayacaq. Bu, sistem məsələsidir. Problemlərin həlli üçün bu gün aparılan islahatların daha da dərinləşməsi vacibdir. İslahatların dərinləşməsi həm ölkə, həm də mətbuat üçün çox önəmli məsələdir.

– Gələcək üçün qarşınıza qoyduğunuz məqsəd nədir?

– 10 il müddətində həmişə yaşamaq uğrunda mübarizə aparmışıq. İnsan kimi demirəm, təbii ki, hər bir bioloji varlıq yaşamaq uğurunda mübarizə aparırır. Mətbu orqan olaraq, 10 il yaşamaq uğrunda mübarizə aparmışıq. Bu mübarizəni dişimlə, dırnağımla aparmışam. Eyni şəkildə də davam edir. Sabah da bu belə olacaq…

Səxavət Məmməd

“Yeni Çağ” Media Qrupu “Poliqon” İformasiya Agentliyini (PİA) fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə təbrik edir, həmkarlarımıza daha böyük uğurlar arzulayır.

www.yenicag.az

10945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv